FHN-dəki ixtisarlarla bağlı açıqlama

fhn-deki-ixtisarlarla-bagli-aciqlama
Oxunma sayı: 1477

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti adı çəkilən qurumda ixtisarlar aparılacağı ilə bağlı mətbuatda yayılan  xəbərlərə münasibət bildirib. 

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Fövqəladə Hallar Nazirliyində ixtisarlar barəsində həqiqətə uyğun olmayan xəbərlər yer alıb. FHN mətbuat xidməti bildirib ki, hələ 2016-cı ilin noyabrında Azərbaycan prezidenti İlham Əliyev fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Bu fərmana əsasən kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb. 

“Fövqəladə Hallar Nazirliyi Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etdikdən sonra prezident İlham Əliyevin 2017-ci il 19 aprel fərmanı ilə yeni qurumun Əsasnaməsi təsdiq olunub. Göründüyü kimi, bu tədbir idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib və əməkdaşların ixtisarı ilə heç bir əlaqəsi yoxdur”. 

Günel Türksoy