Fidan Hacıyevadan “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı konsert - Fotolar

fidan-haciyevadan-azerbaycan-xalq-cumhuriyyeti-100-adli-konsert
Oxunma sayı: 1732

Azərbaycanın xalq artisti Fidan Hacıyeva Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar Ədilə Hüseynzadənin romanslarından ibarət “Duyğular” adlı konsert proqramı ilə çıxış edib.

"Qafqazinfo" xəbər verir ki, konsertdə xalq artisti Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazmış olduğu romanslarını səsləndirib. Bu, ifaçının “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında təqdim etdiyi ilk konsertdir. Onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə müşayiət edib.

Konsertin aparıcıları isə bəstəkarın tələbələri – Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə və əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova olublar. Xalq Artisti Fidan Hacıyevanın ideyası və təşəbbüsü ilə ərsəyə gələn konsert proqramı şəhərimizin sakinlərinə və qonaqlarına unudulmaz anlar yaşadıb.

Konsert çərçivəsində tamaşaçılara bəstəkarın yaradıcılığı, səsləndiriləcək romanslar haqqında məlumatlar da verilib. 

Konsertdə “Mənim arzum”, “Kövrək budaq”, “Yaşamaq”, “Yenə, yenə ürək haqqında” (sözləri: Rəsul Rza), “Günəşdən gənclik istədim” (sözləri: Nigar Rəfibəyli), “Bülbül” (sözləri: A.Puşkin, tərcüməsi: Məmməd Rahim), “Yadigar” (sözləri: İsmayıl Soltan) və digər romanslar səsləndirilib. 

Konsertdə beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və əməkdar artist Aleksey Miltıx Ədilə Hüseynzadənin “Sonatina”sını səsləndiriblər.

Xalq artistinin “Azərbaycan Xalq Cümhuriyyəti-100” layihəsi çərçivəsində növbəti konsertləri mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək.