FİFA prezidenti Rövnəq Abdullayevlə görüşdü

fifa-prezidenti-rovneq-abdullayevle-gorusdu
Oxunma sayı: 635

“Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, son illər Azərbaycanda futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə dünya futbol qurumunun rəhbərinə məlumat verən Abdullayev bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd edib. AFFA prezidenti bildirib ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən və köməklik göstərən Respublika Prezidenti cənab İlham Əliyevin göstərişi ilə son illər infrastrukturun genişləndirilməsi istiqamətində xeyli işlər görülüb: “Ölkəmizin müxtəlif ərazilərində stadionlar inşa olunur. Dövlət başçımızın və sizin iştirakınızla ötən il Olimpiya stadionunun təməl qoyma mərasimi keçirildi, AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”nın açılışında isə siz də iştirak etdiniz. İlk dəfə olaraq bu il ölkəmizdə keçiriləcək FİFA U-17 qadınlararası Dünya Çempionatı 2012-nin yüksək səviyyədə təşkili üçün mütəmadi işlərin görüldüyü FİFA prezidentinin diqqətinə çatdırıldı. Qeyd olundu ki, Respublika Prezidenti bu mötəbər çempionatın da lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır, müvafiq tapşırıqlarını verir və həyata keçirilən tədbirlərlə mütəmadi qaydada tanış olur. Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda 2012-ci ilin idman ili elan olunması dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidir. Bu çempionatın başlanma vaxtını göstərən sayğacın isə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən işə salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb oldu. Bir sözlə, biz FİFA ilə əməkdaşlığımızı daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışırıq”.

Dünya çempionatı ilə bağlı görülən işləri əks etdirən videoçarxlar monitor vasitəsilə beynəlxalq futbol qurumu rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla bağlı çap olunan kitablar qonaqlara təqdim olunub.

Blatter Azərbaycanda keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatı ilə bağlı hazırlıq işlərindən razı qalıb: “Mən buna əvvəlcədən də əmin idim. Çünki dövlətinizin başçısı İlham Əliyevin idmana, xüsusilə də futbola olan sevgisini və bunun inkişafına necə böyük həvəslə çalışdığını yaxşı bilirəm. Bundan əlavə, çempionatla bağlı təqdim etdiyiniz sosial və mədəni proqramlar da bizi sevindirir. Buna görə də tam əminliklə deyə bilərəm ki, bu cür layihələr çempionata xüsusi töhfə verəcəkdir. Dünya çempionatı ilə bağlı mütəmadi olaraq Azərbaycana səfər edən FİFA nümayəndələrinin hesabatları bu işə necə böyük məsuliyyətlə yanaşdığınızı bir daha təsdiqləyir”.

FİFA-nın prezidentinin ölkəmizə bütün səfərlərinin futbolun inkişafı və əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyən Abdullayev onu dünya çempionatının açılış mərasiminə dəvət etdi. AFFA-nın prezidentinin bu dəvətini məmnuniyyətlə qəbul edən beynəlxalq futbol qurumunun rəhbəri bu il sentyabrın 22-də Azərbaycana səfər etməyi nəzərdə tutduğunu bildirdi.

Qeyd edək ki, görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla baş katib Elxan Məmmədov iştirak edib və sonda xatirə şəkli çəkdirilib.