Filankəsin dərman içən gəlini...

filankesin-derman-icen-gelini
Oxunma sayı: 2777

Nərmin Dadaşova

Neçə vaxtdır , “səhiyyə” deməkdən dilimiz ağzımızda şişib. Elə bil tanrının ironiyasıdır, biz dedikcə təzə bir video, təzə bir xəbər yayılır bu barədə. Ya haradasa kimsə şikəst qalıb, ya ölüb, ya da ölüyə taydır. Və niyəsə belə bədbəxt hadisələrə daha çox rayon xəstəxanalarında rast gəlinir.

Bu gen dünyada artıq 5 ildir ki, Cəlilabad əhlinə qoşulmuşam. Bu beş ildə şəxsən tanıdığım iki uşaq və bir qadın rayon xətəxanasında dünyasını dəyişib. Birini də ölümün cəngindən zorla almışıq. Belə dəyək də, artıq bu kimi xəbərlərə öyrəncəliyəm, ona görə də, son günlərdə xəbər saytlarının “Cəlilabad xəstəxanasında rəzalət” başlığı ilə paylaşdığı videonu görəndə hər dəfə “Bu nədir ki, mən daha dəhşətlisinin şahidi olmuşam orada” deməyim gəlir.

Videoya baxanlar bilir, baxmayanlar üçün qısa şərh verim: Deməli, bir gənc qadın xəstəxanada halsız şəkildə uzanıb, göründüyü qədərilə vəziyyəti çox ağırdır. Həkim isə xəstəni xadimələrin ümidinə qoyub aradan çıxıb. Valideynlər haqlı olaraq etiraz edirlər, qadınlar ağlaşır, kişilər bağıra bildiyi qədər bağırırlar. Xəstəni paytaxta gətirmək üçün təcili tibbi yardım maşını tələb edirlər. Uzun qıy-qışqırıqdan sonra, bir həkim xanım gəlib, eynən mənim iki yaşlı qızımı sakitləşdirmək üçün kəsdiyim , “ağlama, sənə konfet verim” şərti kimi, elə o intonasiya, o səs tonu ilə deyir: “Sakit durun, sizə təcili yardım maşını verim” deyir.

Sizi məsələdən xali elədim, indi keçək əsas mövzuya. Təəccüblü olsa da bu məlum videoda diqqətimi var gücü ilə qışqıran, həkimləri günahlandıran, baş verən hadisə haqqında səsinin sonuncu zilindən danışan adamın bunca sözünün arasında, çəkiliş edən jurnalistin “xanım niyə bu vəziyyətdədir, xəstəliyi nədir?” sualına, asta, çox asta səslə, “dərman içib” deyib ustalıqla söhbətin üstündən keçməsi oldu. Mən çox istərdim ki, qadın o dərmanları intihar məqsədi ilə içməsin, başının, dişinin ağrısını “toxtatmaq” üçün, səhvən, vaxtı keçmiş dərmandan zəhərlənmiş olsun. Ki, belə olmadığını hamımız bilirik...

İki körpə uşağı olan qadını nə bu həddə çatdırıb, yoxsulluqmu, yorğunluqmu, qayğılarımı, bilmirəm. Ancaq bildiyim bir şey var, əgər bu intihardırsa, onun çox ciddi səbəbi var.

Bu gen dünyada, taleyimin məni bağladığı digər məkan- Kürdəmirin ucqar bir kəndində yaşayan qohum-əqrabalarımdakı qadınlara istinadən deyirəm ki, intihar etmək, bu dünyada onların düşünə bildikləri ən sonuncu yoldur. Kənd qadınlarının içindəki o ailə-uşaq sevgisi, itaətkarlıq, o “qadınlıq”, bir də Allah qoxusudur onların intihar maneələri. Ən pis anda belə, “uşaqlarım başsız qalmasın” təsəllisi ilə çıxa bilirlər vəziyyətdən. Bizim kimi “aprel depressiyası”, “may depressiyası”, “hamilələik depressiyası”, “doğuş sonrası depressiya”, “pulsuzluq depressiyası” kimi təbəqələrə ayırmırlar sıxıntılarını. Onlar var olanlarına söykənib yaşayırlar, biz isə ancaq olmayanlarımıza söykənib körpüdən üzüaşağı buraxırıq özümüzü, intihar edirik.

Bunu yazmamalı olduğumu yaxşı bilirəm, amma əgər bu qadın, bu qədər varın- atanın, ananın, ərin, uşağın içində, ölümü seçibsə, deməli, haqlıdır, deməli çiyinlərinin taqəti qalmayıb, deməli, dözə bilmir. Bir də bundan sonra onu bu qədər yüklənmiş taleyində “filankəsin dərman içən gəlini” damğası izləyəcək. Qoyun canını qurtarsın...