Finala gedən yol

finala-geden-yol
Oxunma sayı: 648


Artıq 4 bürünc medalı özlərinə təmin edən boksçularımız bu dəfə onların əyarını daha da yaxşılaşdırmağa çalışacaqlar.

49 kq 

Bu çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 2 il öncə Türkiyədə qazandığı Avropa çempionu titulunu qorumaq arzusundadır. Həmyerlimiz yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün daha 2 görüşdə rəqiblərinə gücünü göstərməyə çalışacaq. Bunun üçün Əlizadə öncə irlandiyalı Patrik Barneslə üz-üzə gəlib, finala vəsiqə qazanmalıdır.

52 kq

Elvin Məmişzadəni yarımfinalda ciddi sınaq gözləyir. Təmsilçimiz finala gedən yolda 2010-cu ilin Avropa çempionu, 2011-ci ilin dünya çempionatının gümüş mükafatçısı uelsli Endryu Selbi ilə qarşılaşacaq.

91 kq

Yığmamızın perspektivli üzvlərindən Teymur Məmmədov da ikinci Avropa çempionluğunu bayram etməyə yaxındır. London Olimpiadasının mükafatçısı həlledici görüş üçün “Baku Fires” klubunun heyətində döyüşmüş ukraynalı Denis Poyatskla münasibətinə aydınlıq gətirəcək. 2 qitə çempionunun duelinin gərgin keçəcəyi sözsüzdür. 


+91 kq

Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov kolleksiyasına Avropa çempionatının da qızıl medalını əlavə etmək istəyir. Lakin o bunun üçün yarımfinalda ciddi sınaq qarşısındadır. Çünki təmsilçimiz final uğrunda ev sahiblərinin boksçusu Viktor Zuyevlə üz-üzə gələcək. 

Qeyd edək ki, Əlizadə və Məmmədov gündüz, digər 2 boksçumuz axşam seansında döyüşəcək.