Fındığın qiymətini “öldürənlər”

findigin-qiymetini-oldurenler
Oxunma sayı: 5802

Dünya Sakit

Azərbaycanda fındıq mövsümü başa çatmaq üzrədir. Artıq yerlərdə fındığın toplanması yekunlaşıb. Nə yazıq ki, fındıq bağbanları bu dəfə keçən ilki sevinci yaşaya bilmirlər: fındığın qiyməti ötənilkinə nisbətən 2 dəfədən də çox aşağı düşüb. Belə ki, ötən il bu vaxtlar 5-6 manata qapılardan yığılan fındıq (qabıqlı) indi 3 manatadır. Bu isə fındıqdan daha yüksək gəlir planlaşdıran insanları məyus edir. 

Fındığın qiymətindəki bu enmənin səbəbini tapmaq üçün ötən ilin bu vaxtlarında gedən prosesləri xatırlamağa ehtiyac var. Belə ki, Nazirlər Kabinetinin fındıq idxalına əlavə rüsum (hər kiloqram üçün 1,5 dollar) tətbiq edəcəyi barədə əvvəlcədən məlumatlı olan işbazlar mümkün qədər çox fındıq toplamağa çalışdılar. Bu isə bazarda real iqtisadi əsası olmayan ifrat bahalaşma yaratdı. Nəticə isə bu oldu ki, daxildəki qiymətlər ixrac qiymətlərindən yüksəyə qalxdı: ötən il qabıqsız fındığın kilosunu xaricə 7 dollara satdıq (14812,92 ton fındığı 104852,14 min dollara). Daxildə isə qiymət 18-20 manat, yaxud 10 dollardan da yuxarı təşkil etdi. Beləliklə də, ötən qış Azəbaycan əhalisi fındığı dünya bazarındakı qiymətdən  xeyli bahasına almalı oldu.

Bu il dünya fındıq bazarına nəzər yetirdikdə görürük ki, tendensiyalar qiymətin ötən ilə nisbətən bir qədər aşağı olmasını diqtə edir. Belə ki, dünyada, xüsusilə də ən böyük fındıq ixracatçısı olan Türkiyədə bol məhsul əldə olunub – 700 min tondan yuxarı. Üstəlik, bu ölkədə ötən ildən qalma daha 100 min ton fındıq var. Bu isə alış qymətinin fermerlər üçün zərərli ola biləcək həddə - qabıqlı fındıq üçün 2,27 dollara düşməsi təhlükəsini yaradır. 4 milyon insanın çalışdığı bir sahədə vəziyyətin gərginləşməməsi üçün hazırda Türkiyə Dövlət Taxıl Şurası fındığı hər kilorqam üçün 2,8 dollar ödəməklə fermerlərdən alır. Oktyabr-noyabr aylarından etibarən əsas istehlak mövsümünün (Yeni il ərəfəsində fındıqdan istifadə olunaraq hazırlanan qənnadı məmulatları, şokolad və şirniyyatlara tələbat artacaq) başlanması ilə əlaqədar fındığın qiymətinin nisbətən artması gözlənilir. 

Qeyd edim ki, Azərbaycan fındığının əsas alıcısı olan Rusiyada qiymətlər stabildir -  hər hansı enmə müşahidə edilmir. Belə ki, bu ölkənin online hərraclarına baxdıqda Azərbaycan və Gürcüstan fındığının emal dərəcəsindən asılı olaraq, təxminən eyni qiymətə - 7-12 dollara (qabıqsız, soyulmuş və sair) təklif olunduğunu görmək olar. Özü də gürcülərdə hələ keçən ilin  məhsulu qalıbsa, Azərbaycan şirkətlərinin təkliflərində söhbət bu ilin məhsulundan gedir. İxrac coğrafiyasının Rusiyadan kənara xeyli genişləndiyini, həmçinin daxili tələbatın istehsaldan yüksək olduğunu nəzərə alsaq, bu il istehsalçıların məhsul satışında problemlə üzləşməyəcəklərini söyləmək olar. Lakin burada əsas diqqət yetirilməli məqam ixracatçı şirkətlərin, emal müəssisələrinin kartel razılaşmasına gedərək alış qiymətini qəsdən aşağı salması təhlükəsidir. Hazırda bazardakı qiymətlərdən məhz belə sövdələşmənin nəticəsidir – ötən ilki ifrat qiymət olmasa belə, indi Azərbaycanda fındığın 4 manatdan aşağı olması üçün iqtisadi əsas yoxdur. Bu baxımdan, əsasən ixracatçıların mövqeyinin təmsilçisi olan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası qiymət siyasətinin istehsalçıların da mənafeyinin nəzərə alınması şərtilə müəyyənləşməsini təmin etməlidir. 

Azərbaycanda illik fındıq istehsalı 35-40 min ton arasında olub. Bu il isə ölkədə 60 min tona yaxın fındıq istehsal olunması gözlənilir. Fındığı istehsalçıdan 3-4 manata alan şirkətlərin sonradan əhaliyə neçəyə satacağı çox maraqlıdır...