Fırıldaqçının mükafatı...

firildaqcinin-mukafati
Oxunma sayı: 2409

 

Resept yazırdı. Arada başını qaldırıb bir söz soruşur, yaxud səhhətimlə bağlı sual verirdi. Fikirli olduğumu hiss edib əlini saxladı. Stress, gərginlik yaşayıb-yaşamamağımla, həyat tərzimlə maraqlandı. Dedim ki, əsəbdən, stressdən çox uzağam. Mənfi enerji ötürən adamlardan qaçıram. Belə-belə şeylər dedim doktora. Gülümsədi.

Həkimlər gülümsəyəndə ürəyim açılır. Səbəbini bilmirəm.

Həmin gün evdən hansı ovqatla çıxdığıma qədər maraqlandı. Hətta nə yediyimi də soruşdu. Mən də çox sakit, astadan cavablandırdım suallarını. Başa düşürdüm onu. Gərgin olduğumu anlayırdı. Səbəbini tapa bilmirdi. Yazdı resepti. Sağollaşarkən ayaq saxladım...

*** 

Doktorla salamlaşandan sonra əyləşmək üçün yer göstərdi mənə. Gözlərim divardakı qızılı çərçivəli mükafata sataşdı. (Getdiyim yerdə belə mükafatlar-filan görəndə mütləq oxuyuram.) Qısa tərifnamənin üstündən keçib imzaya baxdım. O boyda həkimin işinə qiymət verib, altından uzun bir imza atan adamı dərhal tanıdım.

O qızılı çərçivənin ortasında, şüşə örtüyün arxasında “moşennik” M.-in yekəpər surəti göründü gözlərimə. İki il öncə xalamın ərinə pul “atıb” çıxmışdı aradan. Sonra xalamın oğlanları həmin “moşennik” M.-dən aldılar pullarını.     

Otaqdakı dibçək güllərinə, stolun üstündəki nəfis tərtibatlı təqvimə, bloknotlara, saata baxdım. Gərəksiz bir əşya vardısa, o da divardakı həmin qızılı çərçivəli, şüşə örtüklü tərifnaməydi...

*** 

Gərginliyimin səbəbini tapa bilmirdi doktor.

Barmağımı divara tuşlayıb soruşdum ki, o, nə mükafatdı elə? Dedi, nə bilim, neçə ildir həkiməm, zəhmətimə qiymət veriblər də, sağ olsunlar. Soruşdum ki, tanıyırsız o mükafat verəni? Təmənna ilə verib onu? Duruxdu. Dedi yox, nə danışırsız, nə təmənna, eləcə zəhmətimə görə veriblər. İnandım. Xeyli vaxtdır tanıyıram həkimi. Bilirəm ki, pulda-parada gözü olan adam deyil. İnanılmaz dərəcədə humanist, vicdanlı həkimdi. Xalamgilin başına aşdığı oyunu danışdım. Ünvanlarını dedim, həmin adam haqda eşitdiklərimi də. Skeptik yanaşması üçün yer qoymadım. 

*** 

Necə fikirli çıxdımsa xəstəxanadan, yadımdan çıxdı, aptekə də dönmədim.

Lənətə gəlsin belə məlunları...