Fitrə zəkatı nə qədər olmalıdır? - - Cavab

fitre-zekati-ne-qeder-olmalidir-
Oxunma sayı: 4884


Fitr bayramı İslamiyyətdə iki əsas bayramdan (Qurban və Fitr) biridir. İslam tarixinə əsasən oruc tutmaq hicrətin 2-ci ilində vacib olub. Tarixi sənədlərə əsasən Həzrət Məhəmməd (s.ə.s) Ramazan ayının başa çatmasına bir neçə gün qalmış müsəlmanlara müraciət edərək buyurub: “Ey camaat! Bayram gecəsi imkanlı olan şəxslər fitrə zəkatını ayırıb, onları qohum-əqrəbada, qonşularında və ya ölkələrində yaşayan imkansızlara versinlər”.

Rəvayətlərə əsasən, həmin il Peyğəmbər (s.ə.s) səhabələri ilə birlikdə səhraya gedib, birinci Fitr bayramının namazını camaatla qılıb, bundan sonra Fitr bayramı namazı qılmaq vacib oldu. Fitr bayramı gecəsi mübarək gecələrdən sayılır. Axşamçağı üfüqdə Şəvval ayının hilalı göründükdə (eyni zamanda şəriətin müəyyən etdiyi qaydalar çərçivəsində ayın başa çatması sübut olunduqda-K.) Fitr bayramı elan olunur. Bayram axşamının özünün əməlləri var. Bunlar gün batan çağı qüsl etmək, gecəni əhya (oyaq qalmaq) saxlamaq, namaz qılıb dua, istiğfar etmək, şam, işa, sübh və bayram namazlarını qılmaqdır. Bayram namazları əsasən məsciddə qılınır.

Bayram günü müsəlmanların təmiz və təzə paltar geyib və ətirlənib namazı açıq fəza altında qılmaları tövsiyə olunur. Fitr bayramı namazı iki rəkətdir. Birinci rəkətdə fatihə surəsindən sonra beş təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra növbəti təkbir deyilir. Sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir. Hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilir.

Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir.

Fitrə zəkatını tez verməyə gəlincə, əhli-sünnə məzhəblərinin bir qismində Ramazan ayı girəndən sonra istənilən gün, bir qismində isə ən tezi bayrama iki gün qalmış verilə bilər. Şafiilər və hənbəlilər bayramdan sonrakı gün verməyi günah bilirlər, amma qəza niyyəti ilə olsa da verilməlidir. Bayram namazı qılınanadək fitrə zəkatı ayrılıb verilməlidir. Həmçinin bayram namazını qılmamış şəxs bu zəkatı zöhr azanınadək verməlidir. 

İmkanı olan şəxs üçün fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin və canın 1 il ərzində xoşagəlməz hadisələrdən sığortalanmasına səbəb olan amillərdən sayılır.

Fitrə zəkatı kimi adambaşına 3 kq arpa, buğda, düyü, xurma və ya bu kimi ərzaq məhsulları hesabı ilə çıxarılır. İlahiyyatçıların qənaətinə görə, builki qiymətlərlə orta hesabla adambaşına 3 manat Fitrə zəkatı ayrılması məqsədəuyğundur. İlk növbədə yaxın qonşuluqda olan imkansız müsəlmanlara, belələri yoxdursa, qohumlar arasında olan imkansızlara və ya yoxsul tələbələrə verilə bilər. Peşəsi dilənmək olan və spirtli içki içənlərə fitrə zəkatı vermək olmaz.