Fizuli Ələkbərov Cəbəllütariqli həmkarını qəbul edib

fizuli-elekberov-cebellutariqli-hemkarini-qebul-edib-
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, görüşün əsas məqsədi Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, qazanılan nailiyyətlər barədə məlumatlar əldə etmək və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi olub.

F. Ələkbərov ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan tarixi nailiyyətlər barədə məlumat verib.

Qeyd olunub ki, iqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyi ilə seçilən, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizlik paya malik olan ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da daim inkişaf edir. Ölkədə iqtisadi tərəqqidən irəli gələn imkanlar ilk növbədə insan kapitalının inkişafına, sosial rifahın yüksəldilməsinə yönəldilir. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, son 8 il ərzində bir milyondan çox yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 5,6 faizə enmiş, yoxsulluq səviyyəsi 49 faizdən 7,6 faizə qədər azalıb.

C. Bossano rəhbərlik etdiyi nazirliyin məşğulluq və əmək, sosial müdafiə, pensiyalar və sosial yardım, birbaşa investisiyalar, müəssisələr və təlimlər sahələri üzrə fəaliyyət göstərdiyini söyləyib.

Qonaq eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə tanış olub, Azərbaycanda neft və qeyri-neft sektoru, həmçinin əmək, sosial müdafiə və məşğulluq sahələrində son illərdə görülən işləri, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüş zamanı hər iki ölkənin nazirliklərinin fəaliyyət sahələrinə aid olan məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib.

Nigar Məmmədli