Fizuli Ələkbərovun iştirakı ilə dəyirmi masa - Fotolar

fizuli-elekberovun-istiraki-ile-deyirmi-masa-fotolar
Oxunma sayı: 674

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında müasir tələblərə uyğun peşəkar kadrların hazırlanması barədə tapşırığı ilə bağlı olaraq, bu sahədə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirə edilməsi olub. Tədbirdə müasir əmək bazarının tələblərinə cavab verən, səriştəli işçi qüvvəsinin yetişdirilməsinin Nazirliyin fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən nazir Fizuli Ələkbərov bildirib ki, Nazirlik bu sahədə qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə və beynəlxalq qurumlarla fəal əməkdaşlıq həyata keçirir. Dünya Bankının dəstəyi ilə icra edilən «Sosial Müdafiənin İnkişafı» layihəsi çərçivəsində və nazirliyin bilavasitə təşəbbüsü ilə həyata keçirilən «İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının hazırlanması» layihəsi haqqında məlumat verilib. Bildirilib ki, layihənin məqsədi Azərbaycan mütəxəssislərinin dünya bazarında rəqabətə davamlılığının artırılması, ölkədə insan resurslarının inkişafının təmin edilməsi üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartının hazırlanması, Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılmasına dəstək verilməsidir. Layihə üzrə peşə və təlim standartlarının hazırlanması üzrə təlimat tərtib olunub, iqtisadiyyatın müxtəlif sahələri üzrə sahə komissiyaları yaradılıb.

Artıq beynəlxalq təcrübə əsasında 200 peşə standartının ilkin versiyası hazırlanıb ki, onlardan 140 standart layihənin icraçıları və müəssisələrin sıx əməkdaşlığı şəraitində yerli şəraitə uyğunlaşdırılıb. Həmçinin Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması üçün zəruri sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub və hazırda Agentliyinin yaradılmasının, peşə və təlim standartlarının tətbiqinin Səmərəlilik modeli hazırlanır.