Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycana əsasən qışlamağa gələn flaminqonu görmək istəyən bütün təbiətsevərləri Qızılağac Milli Parkına dəvət edir.
"Qafqazinfo" xəbər verir ki, hazırda Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır. Köçəri və nadir növ olan flaminqo Afrikadan başlayaraq, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərinə qədər yayılıb. Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb.
Qeyd edək ki, flaminqo Azərbaycanda nadir hallarda yuvalayır. 1955-ci ildə Salyan rayonunda Ağ-çala gölündə, 1982-ci ildə isə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib.
Flaminqo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və ovlanması qadağandır.