Fond milyonları necə talayıb?

fond-milyonlari-nece-talayib
Oxunma sayı: 5313

Məlumat verdiyimiz kimi, Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquqpozmaları aşkar edib. “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabata görə, ləğv prosesində olan “Zaminbank”, “Kredobank”, “Yunayted Kredit Bank”, “Bank of Azerbaijan”, “Gəncəbank”, “Parabank”, “Bank Technique”, “Royalbank”, “Dekabank” və “Atrabank” ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri  üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb. Palata qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materialları Baş Prokurorluğa göndərib.

“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirləri üzrə cinayət işi açılıb və müvafiq tədbirlər görülməkdədir.

Hesabatda həmçinin qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbiri üzrə ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı materiallar isə müvafiq qaydada Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib: “Dövlət Təhlükəsizlik Xidmətindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirinin nəticələri üzrə materiallar açılmış cinayət işi üzrə araşdırılmaqdadır”.

Ona yaxın bankın əmanətlərinin kompensasiya olunmasında hansı qanunsuzluqlar mümkündür? “StandardBank” üzrə materiallar niyə məhz DTX-yə göndərilib? Sualları cavablandıran bank sahəsi üzrə mütəxəssis, “StandardBank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov deyir ki, “StandardBank” Azərbaycan tarixində ən böyük müflislik hadisəsidir: “Ümumiyyətlə, bəlkə də dünya tarixində bu bankın müflisləşməsi, ona dəyən zərər qədər ikinci bir müflisləşmə olmayıb. Təsəvvür edin ki, ”BankStandard"ın 1,2 milyard manat borcu qalıb, əmlakı isə deyilənə görə, cəmi 200 milyon manatdır. Bu, 6 dəfə fərq deməkdir, 1 milyard manat ortalıqda yoxdur. Dünyada bəlkə də bu qədər fərqlə yeganə müflisləşmə halıdır. Buradan açıq-aşkar görünür ki, bu bank çoxdan müflisləşibmiş. Və dövlət orqanlarının özündə problem olub ki, bunu vaxtında üzə çıxarmayıblar. Ya indi əlbir olublar, ya korrupsiya olub. Bu məsələ dövlət təhlükəsizliyinə aid olan məsələdir. 

Digər tərəfdən, qanunvericiliyə əsasən müflis olan banklarda sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu ödəyir, sonra bankın əmlakını sataraq öz verdiyi vəsaitləri geri qaytarır. Yalnız bundan sonra digər kreditorların vəsaitləri qaytarılır. Əmanətlərin Sığortalanması Fondu “StandardBank” üzrə 440 milyon manata yaxın vəsait xərcləyib, daha 10 milyon manat da ləğvetmə xərclərinə çıxır. Bu isə o deməkdir ki, Fond bankın əmlakını satmaqla əmanətçilərə verdiyi pulun heç yarısını da çıxara bilməyəcək. Bütün verilən pullar isə dövlətindir. Bundan əlavə, “StandardBank”da SOCAR, “Azercell” kimi iri, əsasən də dövlət şirkətlərinin pulları qalıb. Bu baxımdan da məsələ dövlət təhlükəsizliyinə gedib çıxır. Ötən il Kreditorlar Komitəsi qərar qəbul etdi və mən bu bankla bağlı bütün sənədləri Dövlət Təhlükəsizlik Xidmətinə göndərdim. Xahiş etdik ki, məsələni öz nəzarətlərinə götürsünlər. Yəni digər banklarda vəziyyət bu bankdakı qədər pis deyil".

Digər10 bankın əmanətlərinin kompensasiya edilməsi prosesindəki qanun pozuntularına gəlincə, hüquqşünas deyir ki, burada bir variant mümkündür: “Düşünürəm ki, burada söhbət sığortalanmayan əmanətlərə də sığortalanmış donu geydirib kompensasiya ödənməsindən gedə bilər. Bildiyiniz kimi, əmanətlər o halda sığortalanmış sayılır ki, milli valyutada illik faiz dərəcəsi 15-i, xarici valyutada isə 3-ü ötməsin. Bu halda  Əmanətlərin Sığortalanması Fondu məbləğindən asılı olmadan əmanətləri kompensasiya etməlidir. Əsas ehtimal budur ki, sığrotalanmayan əmanətləri də hansısa yollarla, tutalım ki, sənədləri saxtalaşdırmaqla bu tələblərə uyğunlaşdırıb dövlət hesabına kompensasiya ediblər. Deyim ki, Kreditorlar Komitəsinin rəhbəri olandan sonra belə variantın mümkünlüyü ilə bağlı mənə çox söz-söhbətlər gəlib çatıb. Məlumatlar gəzirdi ki, hansısa banklarda bu əməllərə yol verilir. Bu baxımdan, düşünürəm ki, aşkarlanan əsas qanun pozuntuları bu əməllərlə bağlı olub. Bu, əlbəttə, kobud qanun pozuntusudur. Ona yol verənlər cəzalandırılmalıdır. Onu da qeyd edim ki, bu işlər Fondun əvvəlki rəhbərliyinin dövründə olub”.