Fondun 11 ayda gəliri ötən ildəkindən 23,6 faiz çox olub

fondun-11-ayda-geliri-oten-ildekinden-236-faiz-cox-olub
Oxunma sayı: 642

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 10,8 faiz və ya 104,7 mln. manat artaraq 1074,1 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,4 faizi və ya 638,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,2 faiz və ya 69,3 mln. manat artıb, proqnoz isə 101,3 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 13,5 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 12,6 faiz artıb.

2011-ci ilin yanvar-noyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 435,6 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz və ya 35,4 mln. manat artıb.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 6,1 mln. manat təşkil edib.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2011-ci ilin yanvar-noyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1861,8 mln. manat olub.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1773,7 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 332,2 mln. manat və ya 22,3 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 22,6 faiz və ya 327,1 mln. manat artaraq 1773,7 mln. manat təşkil edib.

2011-ci ilin ilk 11 ayında əhaliyə 48,0 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 32,3 faizi hamiləliyə və doğuma görə, 27,2 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,7 faizi dəfn üçün, 22,8 faizi isə digər müavinətlərin payına düşür.
Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 40,1 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisindən 8,1 mln. manat və ya 16,8 faiz azdır.

Nigar Məmmədli