Fövqəladə hallar...

fovqelade-hallar
Oxunma sayı: 2225

Seymur Verdizadə

Dərsliklərlə bağlı problem həmişə olub. Biz uşaq olanda gecə-gündüz canımıza qəsd edib, Sov. İKP MK-nın tarixini öyrənirdik. Amma tale elə gətirdi ki, ali məktəbə müstəqillik dövründə imtahan verdik. On bir il ərzində öyrəndiyimiz biliklərin çoxu həmin vaxt bizə lazım olmadı. Əziyyətimiz özümüzə qaldı.

Ötən əsrin sonlarında Azərbaycan müstəqilliyinə qovuşandan sonra zamanın tələbinə uyğun olaraq, dərsliklərə münasibət dəyişdi. Bizdən fərqli olaraq, övladlarımız “SSRİ tarixi” adl altında rus tarixini öyrənmirlər. Milli çalarlar digər fənnlərin tədrisində də özünü göstərir. Buna baxmayaraq, problemlər hələ də qalır. Məsələn, hələ üç-dörd il əvvəl bir məqalə yazıb, orta məktəblərin aşağı siniflərində “Məlikməmmədin nağılı”nın tədris olunmasına qarşı çıxmışdım. Yenə o fikirdəyəm ki, bir qıza görə qardaşının başını kəsən adamları yaxşı nümunə kimi övladlarımıza təqdim etməyə ehtiyac yoxdur. Məlikməmməd Pavlik Morozovdan da təhlükəli personajdır. Bizə qardaşının başını kəsən deyil, qardaşı uğrunda canını fəda etməyə hazır olan övladlar lazımdır.

Dərsliklərlə bağlı şikayətlərin başında aşağı siniflərdə tədris olunan “Həyat bilgisi” kitabları dayanır. Uşaq olanda bizə belə fənn keçilmirdi. Amma bu, o demək deyil ki, valideynlərin zamanında əldə etmədiyi bilgiləri övladlar da öyrənməməlidir. Mən gecə-gündüz oxumağın, daha çox öyrənməyin tərəfdarıyam. Ancaq bir şərtlə ki, şagird oxuduğunu başa düşsün. Qiymət almağın xatirinə əzbərçiliyə yol vermək olmaz.

“Həyat bilgisi” kitabları təkcə uşaqları deyil, həm də valideynləri yorur. Şagird bir dərsin üstündə bəzən saatlarla vaxt itirməli olur. Üstəlik, həmin vaxtın çoxunu mənasını bilmədiyi sözləri və terminləri əzbərləməyə sərf edir. Müəlliflərin dili çox qəlizdir, onlar mövzunu dolaşıq ifadələrlə izah etməyə çalışırlar. Təəssüf ki, mövzu seçimi də uğurlu deyil. Bir çox hallarda aşağı sinif şagirdlərini lazımsız mövzularla bezdirirlər. Nəzərə almırlar ki, 2-ci sinif şagirdləri hələ 9 il parta arxasında əyləşəcəklər. Yəni, onların bu bilgiləri əldə etməyə vaxtı olacaq.

Dördüncü sinifdə tədris olunan “Həyat bilgisi” kitabında “Fövqəladə hallar” adlı bir mövzu var. Mövzunun girişi belədir: “Müasir silahlar, xüsusilə nüvə silahları çox böyük dağıdıcı gücə malikdir. İlk nüvə silahı İkinci Dünya Müharibəsində istifadə olunmuşdur. Amerika Birləşmiş Ştatları təyyarəçiləri “Körpə” və “Gombul” adlandırdıqları iki atom baımbasını Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atmışdılar”.

Hamı bilir ki, orta məktəbin 4-cü sinfində tarix və coğrafiya fənnləri tədris olunmur. Çox güman ki, dördüncülərin çoxu ABŞ və Yaponiyanın harada yerləşdiyini bilmir. Yəqin ki, onlar Xirosima və Naqasaki şəhərlərinin adını da ilk dəfə eşidirlər. Üstəlik, aşağı sinif dərsliklərində İkinci Dünya Müharibəsi haqda da heç bir məlumat verilmir. İkinci Dünya Müharibəsinin nə vaxt başlandığını, həmin vaxt hansı dövlətlətin bir-birinə qənim kəsildiyini bilməyən məktəbli üçün ABŞ-ın Yaponiyaya atom bombası atması nə qədər maraqlı ola bilər? Yuxarı siniflərdə tədris olunan tarix kitablarında bu barədə ətraflı məlumat var və vaxtı çatanda uşaqlar həmin məlumatları öyrənəcəklər.

İkinci Dünya Müharibəsi ilə başlayan mövzu atom elektrik stansiyalarının fəaliyyəti ilə davam edir. Növbəti abzasların birində qarşımıza bu cümlələr çıxır: “Atom elektrik stansiyalarında atom enerjisindən elektrik enerjisi alınır. Bu enerji sənaye və istehsal sahələrində istifadə olunur. Amma bu cür stansiyalarda qəza baş verdikdə radioaktiv maddələr olduqca geniş sahələrə yayılaraq ətraf mühiti zəhərləyir”. Bu mövzuda həmçinin, xlor və ammonyak haqda da danışılır. Fizika keçməyən, kimya elminin mövcudluğundan xəbəri olmayan uşaqları “radioaktiv” və “ammonyak” kimi qəliz terminlərlə məşğul etməyə nə ehtiyac var? Fövqəladə hallarla bağlı bir qədər sadə misallar çəkib, mövzunu hamının anlayacağı dildə izah etmək daha yaxşı olmazmı? Alimlərimiz hara tələsirlər? Vaxtı çatanda digər bilgilərlə yanaşı, şagirdlər ammonyakın nə olduğunu da öyrənəcəklər. On-on bir yaşlı uşaqları bu cür qəliz mövzularla yormağa ehtiyac yoxdur.