Fransa səfiri Ələt qəsəbəsindəki yeni Bakı Limanı ilə tanış olub

Fransa səfiri Ələt qəsəbəsindəki yeni Bakı Limanı ilə tanış olub
Oxunma sayı: 623

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Ələtdə tikilməkdə olan yeni Bakı Limanına səfər ediblər.

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı nazir Ramin Quluzadə bildirib ki, Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı Xəzər dənizi regionunun ən böyük limanıdır. Ərazidə tikintinin birinci fazası bitdikdən sonra limanın yük qəbuletmə qabiliyyəti ildə 15 milyon ton, sonuncu 3-cü fazanın inşası ilə isə 25 milyon ton və 1 million TEU konteyner olacaqdır. Nazir, həmçinin  qeyd edib ki,  Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı ölkənin ən böyük nəqliyyat layihələri olaraq, bərpa olunmaqda olan qədim İpək Yolunun ayrılmaz hissəsidir. Eyni zamanda nazir cari ilin yay aylarında Fransaya səfəri zamanı fransalı həmkarı ilə görüşdüyünü və telekommunikasiya, nəqliyyat sahəsində əməkdaşlığa hər zaman hazır olduğumuzu bildirib. Ramin Quluzadə, eyni zamanda, Fransa şirkətlərini 5-8 dekabr tarixlərində baş tutacaq 23-cü “Bakutel” sərgisinə dəvət edib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanın tarixi İpək Yolunda oynadığı rolu, yeni limanın Ələtdə inşa olunmasının zərurəti, o cümlədən ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr barədə qonaqları məlumatlandırıb.

T.Ziyadov Fransa şirkətlərini yeni limanda birgə fəaliyyətə dəvət edib. Eyni zamanda baş direktor 2018-ci ilin 8-11 may tarixlərində keçiriləcək və Bakı Limanının ev sahibliyi edəcəyi Dünya Limanları  Assosiasiyasının (IAPH) illik toplantısı barədə xanım səfirə məlumat verib. 

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez öz növbəsində bildirib ki, Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı layihəsinin inşasını yaxından izləyirlər. Onun sözlərinə görə, qeyd olunan liman Azərbaycan hökumətinin siyasətində ölkənin nəqliyyat qovşağına çevrilməsi üçün  mühüm yer tutur və Fransa həm iqtisadi, həm də siyasi cəhətdən qeyd olunan layihəni dəstəkləyir.

Xanım səfir ölkəsinin böyük limanları olan “Marsel”, “Port of Le Havre” və “Dyunkerk” limanları ilə Bakı Limanının əməkdaşlıq etməsində maraqlı olduqlarını vurğulayıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi