Fuada ağlamaq riyakarlığı...

fuada-aglamaq-riyakarligi
Oxunma sayı: 3281

Qan Turalı

Fuad Poladov öldü.

70 yaşının tamam olmasına günlər qalırdı.
Azərbaycan incəsənətinin ən güclü sütunlarından biri yıxıldı.
Onun ölümü heç bir ölümdə görmədiyimiz qədər güclü ictimai rezonans yaratdı.
Çünki Fuad müəllim mərd idi, qətiyyətli idi, möhkəm xarakter sahibi idi və ilk növbədə parlaq istedada malik idi. 
Bu ölüm mənə bəzi şeyləri xatırlatdı, indi onları alt-alta yazmaq istəyirəm.
Hər şeydən qabaq Fuad müəllimin ölümü ilə “səhnəmizin boş qalacağı” barədə kəskin və isterik bəyanatlardan qaçmaq lazımdır.
Əlbəttə, bütün bunları ölümün yaratdığı ağrılardan doğan sözlər hesab etmək də olar.
Lakin bu yalnız məsələnin bir hissəsidir. 
Azərbaycan teatrında çox azman sənətkarlar olub.
Və heç birinin ölümü ilə səhnə boş qalmayıb.
Ərəblinskidən tutmuş Ələsgər Ələkbərova qədər bizim teatrımız heç zaman istedad sarıdan qıtlıq çəkməyib. 
Doğrudur, heç kimin yerini doldurmaq mümkün deyil və əslinə baxsan əsl istedad da fərdidir, heç kimə bənzəmir, təkrarsızdır.
Bir başqa məqamı, qopan bu qəm dalğası fonunda aşkar görünən bir riyakarlığı da yazmaq istəyirəm.
Anarın “Sizsiz” əsərində maraqlı bir məqam var, Rəsul Rza xəstəxanada yatdığı günlərdə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adını alır və ölkənin hər yerindən xəstəxanaya qucaq-qucaq təbrik məktubları gəlir. 
Nigar xanım “bilməzdim ki, xalq Rəsulu bu qədər sevir” deyəndə Anar ona belə cavab verir: Bizim xalq sənətkarı sevir, xüsusən də onu dövlət sevəndə”.
İndi bir az vəziyyət dəyişib.
Əlbəttə ki, Fuad müəllimin ölümünə insanlar səmimi cəhətdən təəssüf edirlər.
Amma...
Axı bu qədər teatr sevən, sənətkara dayaq durmaq istəyən insan vardısa niyə bütün teatrlar tamaşaçı qıtlığı çəkir?
Sənətkara veriləsi ən böyük qiymət alqışlar deyilmi?
Aktyorun tamaşasına gedib baxmırıq, öləndə isə onu göylərə qaldırırıq.
Məgər bu riyakarlıq deyilmi?
Və üstəlik də “sənət öldü” söhbətləri...
Nərimanovun “Nadanlıq” pyesinin qəhrəmanının məşhur replikası yadıma düşür: “Məni nadanlıq öldürdü”.
Bu nadanlıq dünən də vardı, sabah da var, biri gün də olacaq.
Məhz bu nadanlıq ucbatındandır ki, insanlar teatra getmir, yaxşı filmlərə baxmırlar, ucuz komediya və bayağı seriallarla başlarını qatırlar və sənətkar öləndə yas qururlar.
Halbuki teatrlara getsələr, ona dəstək versələr teatr da dirçələr, ayağa qalxar və inkişaf edər.
Sənətkar da öz sağlığında həqiqi qiymətini alar.
Sənət qəmli ağılarla yox, sürəkli alqışlarla inkişaf edir.
Onun qədrini bilmiriksə arxasından göz yaşı tökməyə ehtiyac yoxdur.