Füzuli Ələkbərov həm iclas keçirdi, həm də təbrik etdi

fuzuli-elekberov-hem-iclas-kecirdi-hem-de-tebrik-etdi
Oxunma sayı: 633

F. Ələkbərov qeyd edib ki, cari ilin 1 iyuluna olan məlumata əsasən, ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103,95 manat təşkil edib: “Ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının həddi bu ilin əvvəlindən 75 manata qaldırılmışdır ki, bu da 2006-ci ildəki müvafiq göstərici ilə müqayisədə 2,5 dəfə artım deməkdir. Nazirlik tərəfindən əlil və şəhid ailələri üçün 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilmişdisə, 2009-cu il ərzində bundan təxminən iki dəfə artıq - 707 mənzilin tikintisi başa çatdırılıb. Mənzillərin inşasında bu həcmin saxlanılması və nəticədə növbədə olan insanların yeni müasir mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar dövlət başçısının şəxsi tapşırığının icrası olaraq 2010-cu ildə 715 mənzil inşa etdirilib. Cari ildə də bu sahədə fəaliyyət yüksək templə davam etdirilir. Belə ki, ilin əvvəlindən bir sıra rayonlarda yeni fərdi və çoxmənzilli yaşayış binaları istifadəyə verilib və mənzillə təmin olunanların sayı 4000-i ötüb. Cari ilin sentyabr ayınadək Ağcabədi, Göygöl, Samux, Qəbələ, Yevlax və Quba rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları istifadəyə veriləcək. Hazırda Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində isə 12 mərtəbəli 112 mənzilli yaşayış binalarının inşaat işləri aparılır. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, eyni zamanda müxtəlif bölgələrdə 10 ədəd fərdi evin tikintisinə başlanacaq. Əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilib və bu vaxtadək 3 000-dən çox Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri verilib”.

Nazirin sözlərinə görə, 6 ayda Dövlət Məşğulluq Xidməti tərəfindən 11 916 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub, 1 658 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib: “Cari ilin 6 ayında 2 030 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi nəticəsində 5 401 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar olunmuş, işəgötürənlərə ümumilikdə 245 350 manat məbləğində cərimə tətbiq edilib. Belə ki, ötən ilin ilk yarımilində dövlət nəzarəti həyata keçirilən müəssisələrdə əmək müqaviləsi olmadan işə cəlb edilənlərin sayı 2009-cu ildəki 7 048 nəfərdən 3 404 nəfərə enmiş, cari ilin birinci yarımilində isə bu göstərici 770 olub. Həmin işçilərlə əmək müqaviləsi bağlatdırılıb. Vətəndaşlara ödətdirilməsi təmin edilmiş gecikdirilmiş vəsaitin ümumi məbləği 516 742 manat olub ki, bu məbləğin 270 898 manatını əmək haqları təşkil edib. Hesabat dövründə istehsalatda 128 bədbəxt hadisə qeydə alınmış, bu hadisələr nəticəsində 53 nəfər dünyasını dəyişib. İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı qanunauyğun tədbirlər görülüb”.

F. Ələkbərov həmçinin 22 İyul – Milli Mətbuat Günü münasibətilə respublikanın bütün KİV işçilərini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb. Tədbirə dəvət olunmuş veteran jurnalistlərlə görüşərək onlara nazirliyin diplom və mükafatlarını təqdim edib.
Nigar Məmmədli