Füzuli Ələkbərov: “Yeni tərəqqi dövründəyik”

fuzuli-elekberov-yeni-tereqqi-dovrundeyik
Oxunma sayı: 638

Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2011-ci ilin 9 ayına dair fəaliyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov çıxış edib. F. Ələkbərov bildirib ki, Nazirliyin cari ilin 9 ayı ərzində həyata keçirdiyi fəaliyyətin bütün istiqamətlərində müsbət göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər də artıb: “Yəni, ölkənin ümumi inkişafına uyğun olaraq bizim də fəaliyyətimizdə müsbət dinamika mövcuddur. Lakin biz ənənəvi sosial müdafiə tədbirlərini davam etdirməklə bərabər, xidmət etdiyimiz kontingentin həyatına daha ciddi şəkildə təsir edə bilən aktiv sosial müdafiə mexanizmlərinin müəyyən edilməsinə xüsusi diqqət yetiririk. Əlbəttə, artıq bizdə bir sıra sahələrlə bağlı təcrübə yaranır. Nazirliyin fəaliyyətində yeni müsbət meyllər var. Deyək ki, cari ilin mart ayında biz Özünüdəstək proqramının sınaq işlərinə başladıq və yaxın günlərdə digər pilot rayonlarda bu işləri görəcəyik. Yaxud əlillərlə bağlı biz fərdi reabilitasiya proqramlarına artıq start vermişik”.

Nazirin sözlərinə görə, hesabat dövründə bir sıra rayonlarda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün səyyar xidmətlər modeli formalaşıb və müvafiq layihələr həyata keçirilib: “Məsələn, hamımız yaxşı görürük ki, artıq əlil və şəhid ailələri üçün mənzil tikintisində yeni bir mərhələyə keçmişik. Belə ki, ölkə rəhbərinin tapşırığına uyğun olaraq artıq hər il ən azı 700 mənzil tikilir. Digər tərəfdən hündürmərtəbəli (9 və 12 mərtəbəli) evlərin tikintisi genişlənir. Eyni zamanda, bu binaların həm zahiri görünüşü, həm də daxili rahatlığı keyfiyyət baxımından ilbəil yüksəlir. Biz artıq yeni sosial əhəmiyyətli obyektlərin (Gözdən əlillər üçün tədris-bərpa mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaqlar, Penitensiar müəssisələrdən azad edilənlər üçün Adaptasiya mərkəzi və s.) yaradılması işlərinə başlamışıq”.

Nazirliyin tabeliyində olan bütün internat və pansionatlarda əsaslı təmir və bərpa işlərinə başlanıldığını qeyd edən F. Ələkbərov əlavə edib ki, artıq Saray və Şaqan internat evlərində nümunəvi şərait hökm sürür: “Bütün bunlar və qeyd etmədiyim digər işlər sübut edir ki, biz artıq nazirliyin fəaliyyətinin yeni bir mərhələsindəyik. Daha uğurlu nəticələrə nail olmaq üçün mütərəqqi hesab olunan beynəlxalq təcrübədən daha geniş istifadə olunmalıdır və bunun üçün kifayət qədər imkanlar yaradılıb. Biz artıq ölkənin yeni bir tərəqqi dövründəyik və sosial müdafiə tədbirlərinin təşkilində bu amili həmişə diqqətdə saxlayaraq, işlərimizi daha səmərəli, aktiv üsullar üzərində qurmalıyıq”.

Nigar Məmmədli