Füzuli məktəbliləri Qərb bölgəsinə yola düşüblər - Fotolar

fuzuli-mekteblileri-qerb-bolgesine-yola-dusubler
Oxunma sayı: 952

“Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Füzuli rayonunun məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa istiqaməti üzrə ekskursiyaya başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, martın 23-də Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonunun məktəblilərinin yola salınması mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, məktəbliləri Nizami yurdu Gəncədə, həmçinin Şəmkir, Göygöl, Tovuz, Qazax, Ağstafa rayonlarında çox maraqlı ekskursiya gözləyir. Məktəblilər əvvəlcə Şəmkir rayonunda Heydər Əliyev Mərkəzi, Gənclər mərkəzi, Bayraq Muzeyi, “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı, “Nəfis çörək zavodu” və Aqroparkla tanış olacaqlar. Sonra tur-aksiya iştirakçıları Göygöl rayonunda Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq muzeyi, Gənclər Mərkəzi, Alman kirxası, Tarix-diyarşünaslıq muzeyi, alman evləri, sonuncu alman Viktor Klaynın ev muzeyi, Hacıkənd qəsəbəsi və Göygöl milli parkına ekskursiya edəcəklər.

Tur-aksiya iştirakçıları Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin müasir inkişafı ilə yanaşı tarixi məkanları - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, tarix diyarşünaslıq muzeyi, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi və digər tarixi məkanlarla tanış olacaqlar. Füzuli məktəblilərinin Tovuz, Qazax, Ağstafa rayonlarına ekskursiyaları da maraqlı və yaddaqalan olacaq.

Tədbirdə çıxış edənlər məktəblilərə şagirdlərə səfərlərinin olduqca maraqlı keçəcəyini, ekskursiyadan çox şey öyrənəcəklərini deyib, tövsiyələr veriblər.

Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər əvvəlcə Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər qoyub, sülh rəmzi olan göyərçinləri havaya uçurub, sonra onlar üçün ayrılmış avtobusla ölkəmizin Qərb bölgəsinə yola düşüblər.