Füzulidə məmur-vətəndaş münasibətləri müzakirə edildi

fuzulide-memur-vetendas-munasibetleri-muzakire-edildi
Oxunma sayı: 1046

Horadiz şəhəri Muğam Mərkəzində Füzuli rayonunda məmur–vətəndaş münasibətlərinə həsr olunan ümumrayon müşavirəsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri, QHT-lər və KİV-nin nümayəndələri iştirak edib.  Alı Alıyev çıxış edərək rayonun işğaldan azad olunmuş ərazisində görülən işlər həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 min nəfərə yaxın əhali yaşayır. 60 min nəfər füzulili isə məcburi köçkün kimi Bakı, Sumqayıt, şəhərlərində və respublikanın 50-dən çox şəhər və rayonlarında məskunlaşıb. Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq məcburi köçkünlərlə əlaqə saxlanılır, onların problemləri həll edilir, müvafiq köməkliklər göstərilir.

Rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin önəmli olduğunu deyən Alı Alıyev rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli, insanlara xidmət etməli olduqlarını vurğulayıb.

Müşavirədə rayon Prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsinin rəisi Xəqani Məmmədov, Füzuli rayon məhkəməsinin hakimi Məhəmməd Bağırov, DSMF-nin rayon şöbəsinin müdiri vəzifəsini icra edən Adil Həziyev, Məşğulluq Mərkəzinin direktoru Sərdar İsmayılov, İcra və probasiya şöbəsinin rəisi Yahya Məmmədov və ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri məmur-vətəndaş münasibətləri ilə bağlı çıxış ediblər.

Müşavirəyə yekun vuran Alı Alıyev xidmət təşkilatlarının işlərində yol verdikləri nöqsanlardan bəhs edib, Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, yerlərdə onlarla keçirilən səyyar-qəbul görüşlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Rayon İcra Hakimiyyətinin başçısı, müavinlər və şöbə müdirləri mütəmadi olaraq füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarında, o cümlədən rayonun iri yaşayış məntəqələrində əhali ilə görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat edən məsələləri yerindəcə həll etməyə çalışır.