Füzulidə taxıl istehsalçılarının müşavirəsi keçirildi

fuzulide-taxil-istehsalcilarinin-musaviresi-kecirildi
Oxunma sayı: 792


İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, yığıncaqda kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Horadiz şəhər, Bala Bəhmənli, Əhmədbəyli kənd Aqroservis filiallarının rəhbərləri, kənd təsərrüfatı üzrə idarə müəssilə rəhbərləri iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, respublika prezidenti İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi haqqındakı Sərəncamı Füzuli rayonunda da uğurla həyata keçirilir, rayonda mühüm strateji məhsul olan taxıl istehsalının artırılması, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. Alı Alıyev qeyd edib ki, 2014-cü ildə rayonda ümumilikdə 39831 ha sahədə dənli-taxıl bitkiləri əkilib. Bu əkinin də 29194 hektarını buğda, 10637 hektarını isə arpa bitkisi təşkil edir. 

Rayon İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə müavini Hüseyn Abbasov taxıl biçininə hazırlıq haqqında arayışı oxuyub, kombaynların təhkim olunma qrafikini, həmçinin arpa və buğda biçininin, şumun qiymətlərini elan edib.

Aqrolizinqin rəhbəri Fəttah Heydərov, Nurəddin Həsənov texnikanın sazlığı barədə məlumat veriblər. Bildirilib ki, taxıl məhsulları istehsalını hər il stabil olaraq artıran füzulilər bu il 39 min hektardan artıq sahədən məhsul toplayacaqlar. Məqsəd rayonun yüz min tonçular sırasındakı yerini qoruyub saxlaması və ölkə əhalisinin ərzaqla bağlı probleminin həllinə nail olmaqdır. Rayonun taxıl istehsalçıları hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq taxıl sahələrinə normal qulluq göstərmiş, vaxtında sahələrə gübrələr verib, aqrotexniki tədbirlərə əməl ediblər. 

Qeyd olunmuşdur ki, taxıl biçininə hazırlıq məqsədilə 70-dən artıq kombayn saz vəziyyətə gətirilib. Rayonda biçinin iyun ayında tam başa çatdırılması nəzərdə tutulub. 

Qeyd edək 2011-ci ildə rayonda 90 min ton, 2012-ci ildə 102 min ton, 2013-cü ildə isə 111 min ton taxıl istehsal olunub.