Garant Holding iftar həftəsini uğurla başa çatdırdı - - Fotolar

garant-holding-iftar-heftesini-ugurla-basa-catdirdi-
Oxunma sayı: 877


Avqustun 1-dən 7-nə qədər, Ramazan ayının son həftəsini əhatə edən “Garant Holding iftar süfrəsinə dəvət edir” aksiyası dünən başa çatdırıldı. Bir həftə ərzində, hər gün şəhərin 10 nöqtəsində  holdinqin 9 şirkətinin iştirakı ilə keçirilən iftar aksiyası ümumilikdə ətrafına 15000-dən çox insan topladı. Aksiyanın 6-cı və 7-ci günlərində svetoforlarda su və xurma paylanması ilə yanaşı müvafiq olaraq  Nizami metrosu yaxınlığında və Elmlər Akademiyası binasının qarşısında qurulan çadırlarda holdinq əməkdaşları hər kəsi iftarı vaxtında açmağa dəvət etdi. 

Artıq neçənci ildir ki, davamlı olaraq hər Ramazanda keçirilən aksiya Garant Holding-in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü  ilə ənənəvi səciyyə alıb və bu il daha da genişlənib. Ötən illərdən fərqli olaraq  bu il müəyyən günlərdə şəhərin bir neçə nöqtəsində səyyar çadırlar qurulub. Aksiyanın bu mərhələsinin təşkilində çadırın qurulduğu ərazinin aid olduğu müvafiq icra hakimiyyəti orqanları öz dəstəyini əsirgəməyib.  Aksiya ərzində dörd dəfə - 28 May, Elmlər Akademiyası, Nizami metrostansiyalarının və Elmlər Akademiyasının binası  qarşısında səyyar çadırlar qurulub. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, icra başçısının müavini Şahin Məmmədov və icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov aksiyanın keçirilməsində yaxından iştirak edib. 

Ümumilikdə isə builki aksiyada Garant Holding-in 9 şirkəti: Qarant Sığorta, Avtomedia, M-Trans, Royal Estate, Transeurocom, Ucar Aqro, Azbentonit, AzPOD və Meridian Hotel iştirak  edib.  Əməkdaşlar şəxsən nəzərdə tutulmuş təamları oruc tutanlara ikram edərək bu xeyirxah aksiyada iştirak etməyi öz insanlıq, müsəlmanlıq borcu hesab etdi. Garant Holding-in rəhbərliyi və əməkdaşları müqəddəs Ramazan ayının gözəl ənənələrini rəhbər tutaraq insanların bu ayda ən gözəl anını – iftar zamanını onlarla paylaşdı. Oruc tutanların dualarına qoşuldu.  Ramazan ayının iki sevincindən birinə, iftar açma zamanına qoşulmağın fərəhli və vacib olduğunu qeyd edən holding rəhbərliyi bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, mübarək ayın bərəkət və xoşməramından hər kəsin evinə qismət olmasını diləyir.