Gədəbəy və Şəmkirə 3 milyon manat ayrıldı

gedebey-ve-semkire-3-milyon-manat-ayrildi
Oxunma sayı: 1131

Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Gədəbəy rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, sənaye məhsulunun həcmi 103,4 dəfə, əsas kapitala yönəldilmiş vəsait 68,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 71 dəfə artıb, filiz emalı zavodu, mineral sular və limonad istehsalı zavodları, digər iri istehsal və emal müəssisələri yaradılıb, Rayon Mərkəzi Xəstəxanası, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, “Aşıqlar evi”, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 2 yaşayış binası, Avtovağzal Kompleksi inşa edilib, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, avtomobil yolları çəkilib, körpülər salınıb, geniş abadlıq-quruculuq işləri aparılıb.

***

Prezident İlham Əliyev Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında da sərəncam imzalayıb.
 
Sərəncamda bildirilir ki, Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.