Gedib peşman olanlar...

gedib-pesman-olanlar
Oxunma sayı: 2784

Elkin Xəlilov

"Arzular və xəyallar ona görə lazımdır ki, insan onlarsız yaşaya bilmir" 

- Erix Mariya Remark "Zəfər Tağı" 

Bu mənim İsveçə ilk səfərim idi. Bir az həyəcan, bir az sevinc, bir az da narahatlıq. Necə olacaq, hava deyildiyi kimi soyuqdurmu, qar ara vermədən yağırmı, insanlar necədir və sairə. 

Və səfər başladı. Gəncə-İstanbul, İstanbul-Budapeşt, Budapeşt-İsveç. 

İsveçə saat 16:00-da çatdım. Siyasi səbəblərdən dolayı ölkəsini tərk edən dostum xanımı ilə məni qarşılamağa çıxmışdı. 

İstanbul və Budapeştdə hava normal saatlarda qaraldığından, ilk təəccübümə səbəb olan havanın qaranlıq olması idi. Hava limanı ilə gedəcəyimiz mənzilin arasında yarım saatlıq məsafə vardı. Biz evə çatanda artıq zülmət hər yerə hakim olmuşdu. 

Dostum narahat olduğumu görüb, “5-6 gün buralardasan, öyrəşəcəksən” dedi. Biz də ilk vaxtlar öyrəşə bilmirdik. Amma zaman öyrədir. 

***

Zaman-zaman ağlımda ölkədən getmək fikri dolaşıb. Hətta bir neçə il bundan əvvəl lap möhkəm hazırlaşmışdım. Dedim gedəcəm. Daha buralar mənlik deyil. Stress və gərginlik o həddə çatmışdı ki, evdə də qala bilmirdim. Yaxşı düşünmək üçün məcbur qalıb kirayəyə çıxdım. Dostlarımla danışdım. Amma qərar verə bilmədim. 

***

İsveçdə görüşdüyüm, söhbət etdiyim, qısa ünsiyyətdə olduğum insanların əksəriyyəti siyasi mühacirətə gəlmiş şəxslər idi. Cəmi iki nəfər var idi ki, onlar nikah yolu ilə İsveçə gəlmişdilər. Vaxtında istədikləri yerə gedib-gələ bilirdilər. Hətta biri vətəndaşlıq da almışdı. 

Qalan şəxslər vətəndaşlıq almağa hazırlaşanlar, oturum üçün məhkəmə günlərini sayanlar, miqrasiya idarəsinin “yox” cavabından sonra növbəti məhkəməyə müraciət edənlər, bir də ard-arda yox cavabı alıb qaçaq həyat sürənlər idi. 

İsveçdə mənim üçün günlər tez ötürdü. Saat 9-10-da yuxudan oyanırdım, bir az ləngiyən kimi baxırdım ki, hava qaralır. Gün əldən getdi. Amma bu yeksənək həyatın içində elə adamlar gördüm ki, saatın belə gec getməsindən gileylənirdi. Elə hey nə zaman miqrasiyaya çağırılacağını, nə cavab alacağını düşünürdü. 

Qəribəsi də bu idi ki, məni ilk görəndə sualları bu olurdu. "Təzə gəlmisən, harda təslim olacaqsan?" Yox, mühacirətə gəlməmişəm, turist kimi gəlmişəm deyəndə duruxub qalırdılar. Bəzən "hə, düz etmisən, bura yer deyil", bəzən isə "nə var o xarabada, ordan çıxmaq lazımdır" deyirdilər. 

Söhbət zamanı məlum olurdu ki, çoxu gəlməyinə peşman olub. Cəmiyyətə inteqrasiya alınmır. Dil öyrənməyə çətinlik çəkirlər, bürokratiya, qanunların sərtliyinə tab gətirə bilmirlər. Amma geri qayıda da bilmirlər. Gözlənilən qınaqdansa, tab gətirə bilmədikləri qanunun ağırlığı altında əzilməyi üstün tuturlar. Özləri üçün kiçik bir Azərbaycan yaradıblar. Söhbətləri, mövzuları, mübahisələri, müzakirələri də yenə Azərbaycandır. Gedib-gəldikləri yerdə də azərbaycanlı və türkiyəlilərin olduğu kafedir. 

Xoş sözə aldanıb gəldikləri üçün olmazın peşmanlıq çəkənləri var idi. İllərlə işləyərək topladığı pulunu mühacir dəllalarına ödəyib İsveçə gələn bir oğlanla təsadüfən bir kafedə tanış olduq. Məlum oldu ki, heç bir şeydən xəbəri olmayıb. Dostunun xoş sözünə inanaraq yola çıxıb. 7 min manata yaxın pulu gedib, amma hələ də "qara işdə" (İsveçdə mühacir yaşayanlar vergisiz və gizlin işlədikləri işə öz aralarında "qara iş" deyirlər) çalışır. 

İsveçə də qəribə ümidlə gəlib. Deyir ki, elə bilirdim İsveç həyatım filmlərdəki kimi olacaq. Normal işim, münasibətdə olduğum xanım, klublar, pablar dolaşacam. Amma gələndən səhərdən axşama kimi işləyirəm, işdən evə qayıdanda isə qatar sürücüsü ilə məndən başqa kimsə olmur vaqonda. Və beləcə həftədə 6, bəzən isə 7 gün işləyirəm.

Evə qayıtmaq istəyirdi, amma qayıda da bilmirdi. İllərlə yığdığı pulu bura gəlmək üçün xərcləmişdi. Qayıtsa nə edəcəyini bilmirdi. Bir növ həyatını axar çaya buraxmışdı. Harda dayanacaq, necə dayanacaq, yoxsa batacaqmı, onu da bilmirdi. 

Və belə onlarla adam gördüm. Fərqli bölgədən, fərqli həyat yaşamış adamlar, mühacirətdə eyni taleyi bölüşürlər. Aşağı-yuxarı eyni yolu keçirlər, illərlə gözləmə növbəsində durub, kampları gəzmək, iş axtarmaq, kirayə ev tapmaq, məhkəmədən gələcək cavabı gözləmək, ən əsası isə nə zamansa ölkəyə qayıtmaq. 

Şervurd Andersonun təbirincə desək, bəzi insanların həyatı gözləməklə keçir. Mühacirətdə olan insanların da taleyi belədir. Gözləmək, gözləmək, gözləmək... 

Çoxdan İsveçə mühacirətə gəlmiş, indi isə oranın vətəndaşı olan bir həmyerlimizlə tanış oldum. Özünün işi, evi, ailəsi, normal qazancı var. 15 ildir İsveçdə yaşayır. Azərbaycana da gəlib-gedə bilir. “Siz gəlib gedirsiniz, o qədər də darıxmarsınız” dedim. Mənə “hər gecə yuxuda ölkəyə getdiyimi görürəm” cavabını verdi. Soyuq İsveçdə bütün bədənimi titrətdi bu söz. 

Hətta ünsiyyətdə olduğum adamlar içərisində eləsi vardı ki, oturum alandan sonra Gürcüstana gedəcəyini söyləyirdi. "Yenə ora Qafqazdır. Ölkəyə yaxındır. Heç olmasa burdakı kimi olmaz" deyirdi. Və danışarkən gözlərində qəribə bir ümid yaranırdı.  

***

Təxminən bir həftəyə yaxın İsveçdə oldum. Ölkə həm öz vətəndaşı, həm də gəlmələr üçün inanılmaz şərait yaradıb. Təmiz, səliqəli şəhərlər, 5 saniyə belə gecikməyən nəqliyyat sistemi, dil kursları, tibbi sığorta, peşə məktəbləri, pulsuz təhsil və sairə. İsveç hökumətinin istədiyi isə bir şey var; dil öyrən, işlə, vergi ödə, qanunlara hörmət et, cəmiyyətə inteqrasiya ol. 

Bunları edə bilməyəcəksinizsə, getməyə dəyməz. Gedərkən bir çox şeyi düşünmək lazımdır. Get düş ora, səni yağ-bal içində qarşılayacaqlar deyə bir şey yoxdur. Bəxtin gətirməsə ən ucqar bölgəyə göndərilə, aylarla gün üzü görməyə bilərsən, kampın verdiyi qidanı yeyib, ayda 60 avroya yaxın bir pulla kifayətlənməlisən. İllərlə məhkəməni gözləməlisən, idarələri gəzməlisən, tanımadığın insanlarla bir otağı bölüşməlisən. Avropanın göbəyində oturub, amma ayağını ölkədən kənara qoya bilmərsən. Çünki oturumun yoxdur. Hardan-hara getdiyin, gəldiyin məlum deyil. Hər şey yazıldığı, deyildiyi kimi olmur. 

İsveçdə yaşayan bir dostumun dediyi kimi: "Burda heç kim kampda yediyi kolbasa-çörəyin fotosunu paylaşmır. Hamı İsveçin əsrarəngiz təbiətini, getdiyi pabı, kafeni paylaşır".

Və ən əsası gedərkən hər şeyi burda qoyub getməlisən. Xatirəni də, dostlarını da, yaxınlarını da. Özünlə getdiyin yerə çamadanının bir hissəsində Azərbaycan aparacaqsansa, getməyə dəyməz. Ömrü boyu özünlə gətirdiyin o Azərbaycan səni rahat buraxmayacaq. Elə hey geri dartacaq səni. 

Kultura.az