Gəl, ay Henrix…

Gəl, ay Henrix…
Oxunma sayı: 2132

UEFA oyunlarının finalını evimizdə də gözləyirik. Hər kəslə bahəm, həm də  səbirsizliklə. Futbol azarkeşi olan on beş yaşlı oğlumun narahatlığı var. “Arsenal”ın oyunçularından biri milliyyətcə ermənidir, Henrix Mxitaryan. “Ay ana, görəsən, bu skandal olmaz ki?!”

…Bizdə, yəni  Azərbaycanda, bizə haradan  zaval gələ biləcəyini, yeniyetmə uşaqlarımız da analiz edə bilir artıq. Deməli hələ,  bundan sonra da lap uzun illər olacağıq…  Belə düşünməyə təhlükələri on beş yaşlı yeniyetmənin  də görməsi, analiz edə bilməsi imkan verir.

Sevincdən və qürurdan gülümsəmişdim…

***

…O çamuru artıq atıblar. “Arsenal”ın erməni əsilli oyunçusunun təhlükəsizliyinə təminat olmadığı barədə müxtəlif məlumatlar yaymağa başlayıblar. Yenə də Avropadan, Qərbdən.  Məqsəd-məramları bəlli. Nifrət edirlər, işğal edə bilmədikləri üçün…

Düşünürlər ki, dalbadal bu qədər böyük oyunlara ev sahibliyi edən, balaca bir müsəlman-türk ölkəsi necə bütün işlərin öhtəsindən uğurla gəlir?! Bir də necə olur ki, genosidə, işğala, qaçqınlığa, köçkünlüyə uğradığı halda onlar vəhşi, terrorçu olmur?!

Bu iki sual ağla gəlməz qədər dəhşətli, bir o qədər də qürurvericidir. Dəhşətlidir o mənada ki, adam üstümüzdə qurulan oyunların NƏHƏNGLİYİNİ  görür. Qürurvericidir o üzdən ki, biz yenilmirik, mübarizə aparırıq, mövqeyimizi, əqidəmizi  ortaya qoruyuruq, sözümüzü deyirik. Təhlükənin həcmini görsək də susmuruq!..

***

…İl 2015. Ölkə Azərbaycan. Şəhər Bakı. Olkənin baş kəndində, İlk Avropa Oyunları keçirilir. Beynəlxalq arenada sözü-söhbəti çox dolaşan, nəhəng tədbir idi. Azərbaycana ən müxtəlif dövlətləri təmsil edən idmançılar gəlmişdi. Qalib idmançıların mükafatlarının təqdimetmə mərasimi keçirildi. Növbə boks üzrə qaliblərə çatdı. Medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edirdi. Qaliblər arasında erməni əsilli Ukrayna boksçusu Gevorq Manukyan da var idi. Mükafatlandırma zamanı zalda Manukyanın adı elan olunanda, bir qrup, təbii ki, azərbaycanlı olduğu istisna edilməyən azarkeş etiraz etdi. Onları qınamaq da olmaz əslində, ərazilərinin iyirmi faizini ermənilərin əli ilə işğal edilib. Məcburi köçkün, qaçqın əzizləri var. Hələ itkin, əsirlikdə olan, şəhid düşənləri saymırıq. O etirazı Azərbaycan Prezidentinin bircə dəfə yuxarı qalxan əli sakitləşdirdi.

Yəni ey cahillər, adil olmasanız da, adil bir millətlə üz-üzə olduğunuzu qanın artıq. Gevorqu qoruyan, onun qoluna qorxmaması üçün toxunan, gülümsəməsinə imkan verən, bunun qarşılığında bir erməni idmançı tərəfindən alqışlanan  siyasi lider, dövlət, millət, Genrixi də mütləq qoruyacaqdır.

O üzdən gəl ay Genrix, qorxma, burda, bizim üçün sən də dünya adamı, “Arsenal” ın futbolçususan.  Səni öz adımıza layiq qarşılayıb,  yola salacağıq.  Bircə ricamız olacaq, qayıdanda o XORTDANLARA,  biz “xortdanlardan”  danışarsan, vəssalam!..

Jalə Mütəllimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi