Gələn aydan yoxlamalar başlayır

gelen-aydan-yoxlamalar-baslayir
Oxunma sayı: 2110

İyulun 1-dən ölkəyə idxal olunan qida məhsulları risq əsaslı yoxlamadan keçiriləcək. Bu barədə “Qafqazinfo”ya məlumatı Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri Mənsur Piriyev verib.

O bildirib ki, emal olunmuş qida məhsulları ölkəyə gətirilərkən aparılan ekspertizanın nəticələrinə uyğun sertifikatlaşdırılacaq:

“Respublikamıza idxal olunan qida məhsullarının hər partiyasının daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılacaq və nəticəyə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı veriləcək. Sahibkarlardan sertifikatlaşdırılacaq məhsulun mənşə sənədi, alqı-satqı müqaviləsi, idxal ediləcək məhsula dair hesab-faktura (invoys) və idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər tələb ediləcək. 

Burada əsas məqsəd idxal prosesində iştirak edən qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılması, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsulların ölkəyə idxalının təmin olunması və beləliklə ölkəmizdə sağlam qida mühitinin inkişaf etdirilməsindir”.