Gələn il Azərbaycanda parlament seçkisi olacaq - İddia

Gələn il Azərbaycanda parlament seçkisi olacaq
Oxunma sayı: 2449

Azərbaycanda prezident seçkilərindən sonra parlament seçkiləri də irəli çəkilə bilər. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, Milli Məclis üzvlərinin yeni seçimi 2019-cu ildə baş tutacaq. Növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsi gözlənilən bələdiyyə seçkiləri ilə eyni vaxta salınması nəzərdə tutulur. Bununla həm də seçki prosesinə çəkilən xərclərin azaldılmasının hədəfləndiyi bildirilir.

Azərbaycan müxalifəti üçün parlament seçkilərinin irəli çəkiləcəyi gözlənilən variantdır. ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması bir zərurətə çevrilib: “Yeni konstitusiyaya uyğun olaraq yeni parlament seçilməlidir. Çünki indiki parlamentin fəaliyyəti ilə yeni konstitusiya arasında ziddiyyət var. Yəni Milli Məclis indi qeyri-qanuni fəaliyyət göstərir”.

Partiya sədrinin fikrincə, yeni parlament seçkiləri növbədənkənar prezident seçkiləri ilə eyni vaxtda keçirilsə, daha yaxşı olardı: “2019-cu ilədək gözləməyə ehtiyac yoxdur, yeni parlamen seçkiləri ən qısa müddətdə keçirilməliydi. Daha yaxşı olardı ki, prezident seçkiləri ilə eyni vaxtda salınsın. Amma salınmadı, heç olmasa prezident seçkilərindən dərhal sonraya təyin olunmalıdır”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, növbədənkənar parlament seçkiləri gələn ilə saxlanmamalıdır: “Düşünürəm ki, bələdiyyə seçkilərinə qədər gözlənməyəcək, elə bu ilin payızında yeni parlament seçkiləri keçiriləcək”. 

Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə hesab edir ki, parlament seçkilərinin irəli çəkilməsi üçün zərurət yaradacaq əsas yoxdur: “Düzdür, belə bir qərarın olacağını istisna etmirəm. Ola bilər, çoxluğun iradəsi ilə belə qərar qəbul olunsun. Amma hesab edirəm ki, bu, zəruri addım olmayacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi