Gələn il Azərbaycanın Moskvada 2 şərab evi açılacaq

gelen-il-azerbaycanin-moskvada-2-serab-evi-acilacaq
Oxunma sayı: 1390

Dekabrın 14-də Moskvada Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, iclasda Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. 

Komissiyanın iclasından əvvəl nazir Şahin Mustafayev Maksim Oreşkin ilə görüşüb. Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Sonra Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası öz işinə başlayıb.

Ticarət və qarşılıqlı investisiya qoyuluşlarının Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox, Rusiya isə Azərbaycana 4,2 mlrd. dollardan artıq investisiya qoyub.

“Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. 

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxala görə Azərbaycanın əsas tərəfdaşdır, qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyi məhz Rusiyada fəaliyyətə başlayıb. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində yaradılan Azərbaycan pavilyonu iqtisadi-ticarət əlaqələrinin inkişafına əhəmiyyətli töhfələrdir. İxracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilir, Azərbaycan şirkətləri Rusiyada keçirilmiş önəmli sərgilərdə vahid ölkə stendi ilə təmsil olunur”, - deyə Ş. Mustafayev bildirib.

Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, 2019-cu ildə Azərbaycanın Moskvada 2 şərab evinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində də Azərbaycan Şərab evlərinin açılması nəzərdə tutulur. 

İclasın sonunda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri  - Şahin Mustafayev və Maksim Oreşkin imzalayıblar. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin əksini tapdığı sənəddə iqtisadi-ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat, İKT, turizm, humanitar, səhiyyə və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Dövlət Komissiyasının iclası çərçivəsində həmçinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “İşgüzar Rusiya” təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.