Gəlin oğurluğuna görə dalaşan azərbaycanlılar barışdı

gelin-ogurluguna-gore-dalasan-azerbaycanlilar-barisdi
Oxunma sayı: 632

Kütləvi dava zamanı odlu və travmatik silahlara, bıçağa, beysbol ağacına əl atılıb. Nəticədə 26, 27, 52 və 55 yaşlı Azərbaycan vətəndaşları xəsarət alaraq xəstəxanaya düşüblər. Təsadüfən yoldan keçən bir kişi və gənc qız da yüngül xəsarət alıblar. Faktla bağlı cinayət işi qaldırılıb.

Bu ədavəti aradan qaldırmaq, tərəflər arasında barışıq yaratmaq üçün Şəmkirdən Peterburqa ağsaqqallar dəvət edilib. Təxminən 300 nəfərin iştirakı ilə barışıq məclisi təşkil olunub. Peterburqdakı Azərbaycan diasporunun və ictimai təşkilatların nümayəndələrinin də qatıldığı barışıq məclisi Neva prospektindəki “Korintiya” otelində baş tutub.

Azərbaycanın Peterburqdakı baş konsulu Qüdsi Osmanov məclisdə çıxış edərək baş verənləri yolverilməz adlandırıb: “Belə şeylərə gələcəkdə yol vermək olmaz. Bu cür dava-dalaş mədəniyyətin paytaxtı olan Peterburqda ümumiyyətlə yolverilməzdir. Qız qaçırmağa indi hətta Azərbaycanın özündə də nadir hallarda rast gəlinir. Bizim zəngin mədəniyyət və ənənələrimiz var, lakin biz yerli əhalini özümüzə qarşı qoymamaq üçün yerli adətlərə hörmətlə yanaşmalıyıq”.

Konsul onu da deyib ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələri də dava iştirakçılarının yaxınları ilə Şəmkirdə izahat işi aparıb. Q.Osmanov Peterburq polisinə və Şəmkirdən olan Novruz Məmmədova təşəkkürünü bildirib./musavat.com/