Gəlinlər niyə evdən qaçırlar?

gelinler-niye-evden-qacirlar
Oxunma sayı: 655

Seymur Verdizadə

Qız qaçırmaq indi adam oğurluğu sayılır. Amma əvvəllər dikbaşlıq hesab olunurdu. Valideynlər gənclərin evlənmək arzusunun qarşısına sədd çəkəndə, onlar bir-birilərinə qoşulub aradan çıxırdılar. Sevgililəri bir-birindən ayırmaq günah olduğu üçün sonradan ağsaqqallar araya girib, sülh yaradırdılar. Bu cür aksiyalar çox vaxt xoşbəxt bir ailənin təməlinin qoyulması ilə nəticələnirdi.

Amma indi vəziyyət dəyişib. Ərgən qızların əvəzinə iki-üç uşağı olan gəlinlər evdən qaçırlar. Son vaxtlar xəbər saytlarında bu cür başlıqlarla tez-tez qarşılaşırıq: “Üç uşaq anası yad kişiyə qoşulub evdən qaçdı”. Bu yaxınlarda isə oxudum ki, iki uşaq anası olan orta yaşlı bir qadın internetdə tanış olduğu cavan oğlanın arxasınca Türkiyəyə gedib.

Ərli qadınların evdən qaçması kimi iyrənc hallar əvvəllər də olub. İki-üç il öncəyə kimi qatıldığım televiziya proqramlarında bu cür problemləri vaxtaşırı müzakirə edirdik. Dörd-beş illik efir təcrübəmə əsaslanıb deyə bilərəm ki, bu cür mənfi halların baş verməsinə görə birmənalı şəkildə kişini və ya qadını günahlandırmaq doğru deyil. Bəzi ailələrdə həmişə “zəif həlqə”lər olur. Cəmiyyətdə hakim olan gərgin psixoloji durum həmin həlqələrin qırılmasını daha da sürətləndirir.

Rasim adlı 27-28 yaşlı bir gənc həyat yoldaşını axtarmaq üçün studiyaya təşrif buyurmuşdu. Aparıcı ondan xanımının evdən niyə qaçdığını soruşanda, cavabı belə oldu: “İsti evdə oturmuşdu. Çörəyi də, suyu da vardı. Məni atıb getməklə çox böyük səhv elədi”.

İlk sözü ağsaqqalımız olan Rəşid müəllim dedi: “Ay oğul, heç bir qadın durduğu yerdə evdən getməz. Bəlkə onu söymüsən, incitmisən? Aranızda söz-söhbət, münaqişə olurdu?”

Oğlan üzünü ekspertlərə tutub, qəzəblə dilləndi: “Döymək nədir, söymək nədir? O, bizim evin xanımı idi. Üç ildir evliyik. Bu müddət ərzində nəinki mənə, heç anama da bir stəkan çay verməyib. Onun paltarlarını da anam yuyurdu”.

Bu cür səfeh adamlara enerji sərf etməyin mənasız olduğunu bildiyim üçün ağzıma su alıb durmuşdum. Bu dəfə başqa ekspert dilləndi: “Bəlkə oturub-durduğu, görüşdüyü adam vardı? Kimdən şübhələnirsən?”

Oğlan əvvəl rəng alıb, rəng verdi. Sonra başını aşağı salıb, axırıncı dəfə üç il əvvəl ütülənmiş şalvarını barmaqları ilə sığallayıb, bir qədər fikrə getdi. Nəhayət, başını qaldırıb, aram-aram danışmağa başladı: “Heç kimlə oturub-durmurdu. Mən buna razı ola bilməzdim. Amma qonşu olduğumuz cavan bir oğlanla tez-tez telefonla danışırdı. Həmin oğlandan şübhələnirəm”.

Rəşid müəllim yerindən dik atıldı: “Sən arvadının başqa bir oğlanla telefonla danışdığını bilə-bilə buna necə dözmüsən?!”

Rasim təmkinini pozmadan cavab verdi: “Anam da, mən də təsərrüfatda çalışırıq. Biz səhər tarlaya gedir, axşam qayıdırıq. Yoldaşım evdə tək qalırdı. Özüm icazə vermişdim ki, darıxanda oğlanlarla danışıb, başını qatsın”.

Gəlinlərin evdən qaçmasının 101 səbəbi var. Oxucularda müəyyən təsəvvür yaratmaq üçün burda həmin səbəblərdən biri haqda yazdım. Amma bunu da yazmadan keçə bilməyəcəm: kişinin avam, əfəl, aciz, xəstə olması qadına pis yola düşmək üçün əsas vermir. Əxlaqsızlıq edən qadın başa düşməlidir ki, o, bu hərəkəti ilə təkcə həyat yoldaşının deyil, həm də atasının və qardaşının papağını yerə soxur...