Gəmidə zəhərlənənlərin vəziyyəti necədir? - Nazirlikdən açıqlama

gemide-zeherlenenlerin-veziyyeti-necedir
Oxunma sayı: 1321

Xəbər verdiyimiz kimi, Aktaudan Bakıya gələn gəminin zəhərlənən heyət üzvləri Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov “Qafqazinfo”ya bildirib ki, 12 nəfər heyət üzvündən 3-ü təcili yardım çağırılana kimi gəmidə vəfat edib:

“Onların üçü də kişidir, İran vətəndaşıdır. 28, 29 və 32 yaşları var.

Digər 9 nəfərdən birinə yerindəcə yardım göstərilib, vəziyyəti yaxşıdır. 7 nəfər Respublika Toksikologiya Mərkəzinə gətirilib. Kapitana isə gəmini tərk etmək hüququ olmadığından orada yardım göstərilir, gəmidə qalıb. Vəziyyəti normaldır”. 

P. Abubəkirovun sözlərinə görə, ilkin ehtimal zəhərlənməyə səbəb kimyəvi maddə olub:

“Gəmi İrandan taxıl daşıyır. Taxılın xarab olmaması üçün ona kimyəvi maddə vurulub. Çox güman ki, elə həmin kimyəvi maddədən zəhərlənmə baş verib. Hazırda müalicə alanlardan vəziyyəti orta ağır və normal olanlar var. Ölüm təhlükəsi yoxdur”.

Günel Hacı