Gənc Tamaşaçılar Teatrı mövsümü açdı

genc-tamasacilar-teatri-movsumu-acdi
Oxunma sayı: 656

Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə giriş sözü ilə çıxış edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov 84-cü mövsümün ilk tamaşası münasibətilə hər kəsi təbrik edərək yeni mövsümdə tamaşaçılara maraqlı səhnə əsərləri vəd edib: “Teatrımızın tamaşaçılarını yeni – 84-cü teatr mövsümündə adət etdikləri kimi maraqlı tamaşalarla sevindirmək niyyətindəyik. Teatrın kollektivi cari ilin noyabr ayının birinci həftəsində tamaşaçılarına iki gəncin məhəbbətinin faciəvi tarixçəsini əks etdirən, dahi dramaturq U. Şekspirin “Romeo və Cülyetta” tamaşasını təqdim edəcək. İlin sonuna qədər isə Xalq Yazıçısı Elçinin “Buzovna kəndinin əhvalatları” əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək”.

Teatrın direktoru dahi dramaturq Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətlə onun daha bir komediyasına müraciət ediləcəyini diqqətə çatdırıb: “Bildiyiniz kimi teatrımız dahi dramaturqun bir neçə komediyasına müraciət edib. 2012-ci ildə M. F. Axundovun 200 illik yubileyi münasibətilə dramaturqun daha bir komediyasını səhnələşdirməyi nəzərdə tuturuq. Bununla da teatrımızda yubiley çərçivəsində “Axundov həftəsi” gerçəkləşəcək”.

2012-ci ildə məşhur ingilis yazıçısı Çarlz Dikkensin də 200 illiyinin qeyd ediləcəyini bildirən M. Həmidov Azərbaycanda ilk dəfə Gənc Tamaşaçılar Teatrında adıçəkilən yazıçının yaradıcılığına müraciət edildiyini deyib.

Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova çıxışında yeni mövsümündə teatrın daimi tamaşaçılarını maraqlı səhnə əsərlərinə baxmağa dəvət edib.

Daha sonra ölməz ədib Hüseyn Cavidin iki hissədən ibarət “Şeyx Sənan” faciəsi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunub.

Həmin gün teatrın balaca tamaşaçılarına isə Azərbaycan Xalq nağılı “Göyçək Fatma” nümayiş etdirilib.

Nigar Məmmədli