Gənc vokalçıya vəzifə verildi

genc-vokalciya-vezife-verildi
Oxunma sayı: 637

Bununla bağlı “Qafqazinfo”ya məlumat verən vokalçı bildirib ki, o, 1999-cu ildən bu teatrda işləyib və bu teatrı ilk məbədgahı hesab edir. Ötən gün çox sevdiyim Musiqili Komediya Teatrından ayrıldım. 1999-cu ildən o kollektivdə işləyirdim. Bura mənim ilk məbədgahım olub, bu teatr mənə sənətin sirlərini öyrətdi. Zaman yetişdi çoxdan bəri arzuladığım bir işə təyin olundum. Bu Azərbaycan Dövlət Teleradiosunun Musiqi Kollektivlərinin bədii rəhbəri vəzifəsi oldu.

R. Qasımovun teatrda sonuncu çıxışı yanvarın 22-də Amerikalı kürəkən tamaşasında Kamran obrazı olacaq. Teatrın kollektivinə böyük hörmət və ehtiramla yanaşıram. Bu səviyyəyə gəlib çıxmağımda danılmaz xidmətləri olan teatrı unuda bilmərəm. Mən teatr kollektivinə təşəkkürümü bildirirəm. Bu gün gənc bir sənətçi olmuşam, teatrın mənim inkişafımda, yaradıcılıq sahəsində yüksəlməyimdə xidmətləri əvəzsizdir. Teatr bir məbədgahdır.

Yeni vəzifəyə təyin olunan Ramil Qasımov deyib ki, musiqi kollektivlərinin inkişaf etdirilməsi üçün canı və qanı bahasına çalışacaq. Onun sözlərinə görə, bu etimadı doğrultmağa çalışacaq. Bu gün mədəniyyətə yetəri qədər diqqət və qayğı var. Məqsədimiz kollektivləri Azərbaycanın hüdudlarından kənarda təbliğ etmək, Azərbaycan milli musiqi incilərini gənc nəslə aşılamaq, silsilə şəkildə canlı konsertlərlə tamaşaçıları feyziyab etməkdir. Bundan başqa kollektivlərin Azərbaycanın dilbər guşələrində qastrol səfərləri təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycan Dövlət Teleradiosunun Musiqi Kollektivlərinə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor Kollektivi, Niyazi adına Simfonik Orkestri, Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri, Əfsər Cavanşirov adına Uşaq Xoru, Əhsən Dadaşov adına Musiqi Ansamblı, Vaqif Mustafazadə adına Sevil İnstrumental qrupları daxildir.

Nigar Məmmədli