Gəncədə 9 ayın hesabatı verildi

gencede-9-ayin-hesabati-verildi
Oxunma sayı: 2088

Gəncədə hesabat yığıncağında doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına nəzər salınıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, qarşıda duran vəzifələrin görülməsinə dair məsələlər müzakirə olunub.

Şəhərin idarə, təşkilat və müəssisələrinin, xidmət sahələri rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ölkənin davamlı inkişafının təmin olunmasında möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. 

"2017-ci ilin 9 ayında ümumi məhsulun 34,9 faizi sənayedə, 0,2 faizi kənd təsərrüfatında, 26,6 faizi tikintidə, 6,2 faizi nəqliyyatda, 0,5 faizi informasiya və rabitədə, 31,6 faizi ticarət və xidmət sahələrində istehsal olunduğunu deyən şəhər rəhbəri qeyd edib ki, bu müddət ərzində şəhərimizdə iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı 169 min nəfər təşkil etmiş, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur". 

Şəhərin Heydər Əliyev və Atatürk prospektlərində mərkəzi hissəni əhatə edən yollar daş üzlüklərlə əvəzləndiyini bildirən Elmar Vəliyev həmçinin yağış sularının axıdılması üçün drenaj sisteminin quraşdırıldığını da bildirib. Prezident İlham Əliyevin Gəncə və gəncəlilərə olan diqqət və qayğısı sayəsində şəhərdə ümumilikdə abadlıq-quruculuq işlərinin ardıcıl olaraq davam edəcəyini vurğulayan şəhər rəhbəri Gəncə Dövlət Filarmoniyası,  “Grand Qafqaz” bazar kompleksi və şəhərin mərkəzi hissəsində olan küçələrdə aparılan tikinti və kosmetik işlərin yekunlaşmaq üzrə olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb. 

Sonda yığıncaq iştirakçıları tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.