Gəncədəki Aşura qalmaqalı ilə bağlı – Rəsmi açıqlama

gencedeki-asura-qalmaqali-ile-bagli-resmi-aciqlama-
Oxunma sayı: 640

Bu gün müxtəlif KİV-lərdə Gəncədə Aşura mərasimləri ilə bağlı qadağaların olması, dindarların həbs edilməsi barədə məlumatlar yayılmışdı. Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirdilər ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən Gəncədə Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilir. Bununla bağlı Dövlət Komitəsinin əlaqədar qurumlarla birgə həyata keçirdiyi tədbirlərə uyğun olaraq beynəxalq səviyyədə təqdir olunmuş Aşura günündə talessimiyalı xəstələrə qanvermə təcrübəsi geniş şəkildə tətbiq olunur.

“Gəncə şəhəri Şah Abbas məscidi ətrafında yaranan insidentə gəlincə, Dövlət Komitəsinin operativ şəkildə apardığı araşdırma nəticəsində məlum olub ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən əzadarlıq mərasimlərinin məscidlərin ərazisində keçirilməsi ilə bağlı göstərişi dini icmalar tərəfindən qəbul olunmuş və icra edilməkdədir. Eyni zamanda DQIDK ilə QMİ-nin noyabrın 13-də keçirdiyi iclasda da elan edildiyi kimi əzadarlıq mərasimlərinin kütləvi yürüş şəklində icra edilməsi məqsədəuyğun sayılmayıb.

Həmçinin Aşura günü hələ sovetlər dövründən mövcud olan Gəncənin mərkəzindəki Şah Abbas məscidindən İmamzadə kompleksinə qədər getmək ənənəsinin icrası üçün şəhər İcra Hakimiyyəti tərəfindən 20-yə qədər avtobus ayrılmış və iki gün ərzində dindarların ixtiyarına verilib. Bununla yanaşı Gəncənin müxtəlif məscidlərindən İmamzadə kompleksinə ayrı-ayrı şəxslərin piyada getməsi və asayişin təmin olunması məqsədilə şərait yaradılıb.

Buna baxmayaraq, bu gün bir qrup şəxs Şah Abbas məscidinin yanında əzadarlıq mərasimini kütləvi yürüşə çevirməyə cəhd göstərib və polis tərəfindən bunun qarşısı alınıb. Dövlət Komitəsinin məlumatına görə, asayişinin pozulmasında iştirak etmiş şəxslər barədə polis bölməsində zəruri inzibati tədbirlər görüldükdən sonra sərbəst buraxılmışlar və hal-hazırda heç kim bu insidentlə əlaqədar saxlanılmır. Bu lokal insidentlə bağlı guya ölkənin bir sıra yerlərində mərasimlərə məhdudiyyətlərin qoyulması haqqında yayılan məlumatlar təxribatdan başqa bir şey deyil və Dövlət Komitəsi sözçüsü dini icmaları və vətəndaşları bu cür təxribatlara uymamağa çağırıb.

Dövlət Komitəsi hal-hazırda dünyada müsəlmanların vəhdət nümunəsinə çevrilmiş Aşura gününün ölkəmizdə milli-mənəvi dəyərlərimizə, şəhidlərimizin ruhlarına layiq şəkildə və milli maraqlarımıza, həmçinin dövlətimizin dünyadakı imicinə uyğun qeyd ediliməsinin vacibliyini xüsusi vurğulayıb”.

Komitə təmsilşisi həmçının qeyd edib ki Məhərəmlik ayı boyunca xüsusilə Tasua və Aşura günərində DQİDK nümayəndələrinin istər Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalar ilə mütamadi əlaqədədirlər və dövlət qurumları ilə bağlı məsələlərin əlaqələndirilməsi işini aparırlar. Komitədən onu da bildirdilər ki, Aşura mərasimlərində dünya ölkələri üçün örnək ola biləcək xəstələr üçün qanvermə aksiyaları bu il geniş şəkildə həyata keçirilir.