Gənclər mülkiyyət hüquqlarını müzakirə etdi

gencler-mulkiyyet-huquqlarini-muzakire-etdi-
Oxunma sayı: 642

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin dəstəyi ilə keçirilən forum Caspian Plazada baş tutub. “Qafqazinfo”nun verdiyi məlumata görə, forumda son zamanlar söküntü əraziləri kimi tanınan müxtəlif, NZS qəsəbəsi, Bayraq Meydanı (Bayıl), Sulutəpə, Səməd Vurğun küçəsi, Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli və s. kimi ünvanlarda yaşayan, evlərinin sökülməsindən əziyyət çəkən, təzyiqlərə məruz qalan sakinlər və bir neçə mütəxəssis iştirak edib.
Gənclərin müdafiə komitəsi üzvlərindən Rəşad Həsənov forumu Konstitusiyamızın mülkiyyət, mülkiyyət toxunulmazlığı, mənzil toxunulmazlığı, dövlətin vətəndaş hüquq və azadlıqlarının qorunmasındakı məsuliyyətini nəzərdə tutulan maddələrin oxunması ilə açdıqdan sonra hər bir ərazidən sakinlər dinlənilib.
Səməd Vurğun 49 ünvanından Başxanım Abbasova, təqaüddə olan evindən uyğun kompensasiya ödənilmədən çıxarılmış Elşad Məlikzadə çıxış edib, adekvat kompensasiyanın verilməsini tələb ediblər.
NZS qəsəbəsindən çıxış edən sakin Sabir Musayev, onlara SOCAR rəhbəri Rövnəq Abdullayevin iddiası əsasında Xətai rayon məhkəməsinin qətnaməsi paylanıldığını, qətnaməyə əsasən bu ərazidə yaşayan sakinlərdən tələb edilənləri bildirib:“Biz qısa müddətdə 100 AZN cərimə ödəməli, öz evimizi özümüz sökməli və ərazini özümüz də təmizləməliyik” S.Musayev “Vətəndaşlarının öz mülklərindən çıxarıldığı bir yerdə, burada hansı vətənpərvərlikdən söhbət gedə bilər” deyən sakin, həmin ərazidə 200-ə yaxın evin olduğunu, bir çoxunun 1985-ci ildə tikildiyini, Xətai rayon bələdiyyəsindən hər birinə texniki passport verildiyini qeyd edib. Başqa çarələri qalmadığını deyən Sabir Musayev sakinləri birlik olmağa, mütəxəssisləri isə onlara dəstək verməyə səsləyib.
Qəsəbəsinin digər sakini Yusif Qəşəmli isə konstitusiyanın maddələrinə və SOCAR rəhbərinin bir açıqlamasına istinad edərək, dövləti və SOCARı nəinki alınan mülkiyyətlərin dəyərini ödəməyə, həm də əgər ərazidə neftin varlığının SOCAR rəhbərinin dediyi kimi əhalinin sağlamlığına ziyan vurması doğrudursa, Konstitusiyamızın “hər kəsə sağlam mühitdə yaşamaq hüququ” verən maddəsini təmin etmək üçün vətəndaşlara bu günə kimi dəyən zərəri də ödəməyə çağırıb.
Bayraq meydanı tikintisinə görə evindən, müqavimət göstərdiyi üçün müəllim kimi işlədiyi orta məktəbdən işdən çıxarılmış Arzu xanım onların evdən zorla çıxarıldığı, hamının eyni dərdə düşdüyü və bu dərdin səbəbkarları olan strukturların forumda iştirak etmələrinin vacib olduğunu deyib. Bayıl ərazisində hələ də müqavimət göstərərək evlərini tərk etməyən Nataşa xanım, artıq dözməyin mümkünsüzlüyü, bu günə kimi təkcə onların küçəsində bir neçə nəfərin stresdən dünyasını dəyişidiyini deyib.Onlara heç bir sənədin verilmədiyini imzasız, möhürsüz yalançı kağızlara əsasən evi boşaltmalarının tələb edildiyini deyib.
Digər ərazilərdən olan sakinlərin hər biri fikirlərini bölüşdükdən sonra mütəxəssislər Zöhrab İsmayıl, İnsan hüquqları maarrifləndirmə İctimai Birliyindən Emin Abbasov həll yolları və edilə biləcəklər barədə sakinlərə məsləhətlərini veriblər. Hər iki mütəxəssis sakinlərin məhkəmə yolu ilə mübarizəsinin önəmini və Avropa məhkəməsi prespektivinə inanmalı olduqlarını vurğulayıblar. E. Abbasov mülkiyyət hüquqlarının müdafiəsində beynəlxalq hüququn imkanları barəsində danışıb. BMT-nin Adekvat Yaşayış yeri üzrlə xüsusi müdafiəçisinə müraciət etməyin vacibliyinə və martda BMT-nin müvafiq alt komitəsində Azərbaycanda mülkiyyət hüquqları pozuntuları barədə işə baxılacağı vaxta qədər bu komitəyə müraciətlərin artırılmasını məsləhət görüb.
Forumun sonunda müxtəlif ərazilərdə mülkiyyətlərini itirmiş, itirmək təhlükəsi ilə üz-üzə qalmış sakinlərin birgə “Maddə 13:-Mülkiyyət” adlı komitələri yaradılıb. Komitədə hər bir ərazidən iki nəfər sakin öz əraziləri üzrə koordinator seçilib. Gənclərin müdafiə komitəsi və mütəxəssislərin də dəstək verəcəyi bu komitənin Koordinasiya Şurası həftəlik toplantılar keçirərək mərhələli şəkildə pozulan hüquqlarının bərpasını mümkün bütün vasitələrlə tələb edəcəklər.

Qeyd edək ki, Gənclərin Müdafiə Komitəsi bir neçə müstəqil və partiya gənclər təşkilatlarını özündə birləşdirən, siyasi məhbuslar, mülkiyyət hüquqlar, əsgər problemləri kimi alt komitələrdən ibarətdir.