Gənclərimiz Malayziyada keçirilən 3-cü İƏT Modeli Sammitində

genclerimiz-malayziyada-kecirilen-3-cu-iet-modeli-sammitinde
Oxunma sayı: 668


"Qafqazinfo" xəbər verir ki,  İƏT-ə bağlı beynəlxalq qurumlar olan Dialoq və Əməkdaşlıq Təşkilatı (DƏ-İKGF) və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə təşkil edilən tədbir iyulun 2-dən 6-na qədər davam edəcək. 

Rəsmi açılış mərasimində Malayziyanın Pahanq əyalətinin sultanı və MBİS-in konstitusiyonal rəhbəri Zati Aliləri Sultan Hacı Əhməd Əl-Mustainbillah, Türkiyənin Ailə və Sosial Siyasət nazirinin müavini xanım Askın Asan, DƏ-İKGF Beynəlxalq Katibliyinin kabinet rəhbəri Elməddin Mehdiyev və MBİS-in rektoru xanım Zaleha Kamaruddin çıxış etmişlər. Açılış çıxışında İƏT coğrafiyasında yaşayan gənclərin problemlərinə və bu sahədə DƏ-İKGF-nin gördüyü işlərə toxunan E.Mehdiyev İƏT Baş Katibi Professor Ekmeleddin İhsanoğlunun təbrik mesajını auditoriyaya çatdırıb.

DƏ-İKGF-nin təşəbbüsü ilə beynəlxalq səviyyədə keçirilən layihənin 1-cisi 2011-ci ildə İstanbulda keçirilmişdir. 2-ci İƏT Modeli isə 2012-ci ildə Tatarstanın paytaxtı Kazan şəhərində təşkil edilmişdir. Malayziyada keçirilən layihənin 3-cü mərhələsində İƏT üzvü olan 40-dan artıq dövlətdən və ümumilikdə 50 universitetdən 120 beynəlxalq tələbə və həmçinin 50 yerli tələbə iştirak edir. 5 günlük tədbir proqramı çərçivəsində gənclərin simulyasiya oyunlarında iştirakı baxımından müxtəlif sahələrdə bacarıqlarının artırılması üçün məşğələlər keçirilmiş və həmçinin İƏT bölgəsində mövcud siyasi, iqtisadi və sosial problemlər haqda nəzəri-akademik panellər təşkili nəzərdə tutulub.

İyulun 6-da öz işini başa vuracaq tədbirin bağlanış mərasimində qalib komandalar elan ediləcək. Sammit zamanı həmçinin, İƏT-lə bağlı müxtəlif, o cümlədən, İƏT coğrafiyasında ilin dövlət başçısı, ilin xarici işlər naziri, ilin gənclərin dostu və s. nominasiyalar üzrə tədbir iştirakçıları arasında sorğu keçiriləcəkdir. Sorğunun nəticələrinin 6 iyulda keçiriləcək rəsmi bağlanış mərasimində elan edilməsi planlaşdırılır. 

Tədbirdə ölkəmizi DƏ-İKGF Avrasiya Regional Mərkəzinin təşkil etdiyi milli İƏT Modeli simulyasiya oyunlarının qalibləri olan Bakı Dövlət Universitetinin, Azərbaycan Diplomatik Akademiyasının və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri təmsil edir.

Qeyd edək ki, İƏT üzv dövlətlərinin universitetlərində İƏT Modeli klubları quraraq, pilot ölkələrdə (məs. Azərbaycan və Türkiyə) xarici siyasət akademiyaları təşkil edərək və həmçinin ildə bir dəfə beynəlxalq səviyyədə İƏT Modeli Sammiti keçirirək, DƏ-İKGF-nin reallaşdırdığı proqramın məqsədi gənclərin siyasi biliyinin və diplomatik bacarıqlarının artırılması ilə yanaşı İƏT-in dünyanın ən böyük ikinci hökumətlər-arası təşkilatı kimi tərənnümünə xidmət etməkdir.