“Gənclərin ilkin Peşə Təcrübəsi” başladı

genclerin-ilkin-pese-tecrubesi-basladi
Oxunma sayı: 636

Bu gün keçirilən təqdimatda çıxış edən təşkilatın sədri Xaliq İldırımzadə İB-in yaranma tarixi, onun fəaliyyətindən bəhs edib. Onun sözlərinə görə, qısa müddət ərzində təşkilatın beynəlxalq əlaqələrinin qurulmasında mühüm nailiyyətlər əldə edilib.

Birliyin sədr müavini İlham Nağıyev iştirakçılara layihə barədə geniş məlumat verib. O qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd işəgötürənlərlə gənclər arasında əməkdaşlığın yaradılmasıdır. İ.Nağıyevin sözlərinə görə, layihə çərçivəsində ali təhsil ocaqlarında təhsil alanlar bir sıra şirkətlərdə, dövlət qurumlarında peşə təcrübələrinə cəlb olunacaqlar. İlk olaraq sözügedən layihəyə 14 qurumun qoşulduğunu açıqlayan İ.Nağıyev əlavə edib ki, təmsilçilər arasında özəl sektorla yanaşı, dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də var. Əvvəlcə peşə təcrübələrinə 30 gəncin cəlb olunacağını qeyd edən İ.Nağıyev gələcəkdə sayın artırılacağını söyləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Elşad İskəndərov layihəni yüksək qiymətləndirib. E.İskəndərov layihənin Dövlət Komitəsi tərəfindən dəstəkləndiyini ifadə edib. Komitə sədri bildirib ki, yeni yaranmasına baxmayaraq, “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyi artıq bir sıra layihələr həyata keçirib. Adıçəkilən layihə gənclərimizin gələcək inkişafı, cəmiyyətdə öz mövqeyini tutması üçün uğurlu addımdır: “İstənilən bir sahədə uğur qazanmaq üçün təcrübə çox əhəmiyyətlidir. Məhz bu səbəbdən qazanılan nəzəri biliklərin təcrübədə tətbiq olunması gələcəkdə fəaliyyət üçün əhəmiyyət kəsb edir.

Gənclərin bu layihəyə cəlb edilməsi onlara öz sahəsini daha dərindən mənimsəmək imkanı yaradır”. Komitə sədri qeyd edib ki, Dövlət Komitəsi olaraq bu layihənin dəstəklənməsi istiqamətində addımlar atılacaq. Belə ki, layihə çərçivəsində bir neçə gəncin Dövlət Komitəsi tərəfindən təcrübə proqramına cəlb edilməsi, xüsusən də Beynəlxalq əlaqələr sahəsində təcrübəyə yiyələnməsi nəzərdən keçiriləcək: “Biz bu layihəyə dəstək verən dövlət qurumu kimi gənclərin təcrübə qazanmasına şərait yaradacağıq”.