Gənclərin qulaqcıq sevgisi tez bitsəydi...

genclerin-qulaqciq-sevgisi-tez-bitseydi
Oxunma sayı: 1504

Dünya Sakit

Bu günlərdə yolum “Azadlıq” metrostansiyasından düşmüşdü. Stansiyada, elə vaqonda da adam az idi – 15-20 nəfər ola, ya olmaya. Olanların əksəriyyəti də gənclər idi. Günorta saatları olduğu üçün dərsə gedən, yaxud dərsdən dönənlər olmalıydı...

Vaqona mənimlə bərabər bir yaşlı qadın da minmişdi. Elə oturmamışdan uca səslə “ay bala, Avtovağzala necə gedim mən”- deyə sual etdi. Onun sualı deyil, sualın çox hündürdən verilməsi və ondan sonra yaranan sükut diqqətimi cəlb etdi. Vaqona, daha doğrusu, vaqonda oturanlara baxdım: hardasa 15 nəfərədək gənc vardı. Hamısının da qulağında qulaqcıq. Mənim yaşda olan daha bir qadın isə telefonda oyun oynayırdı. Qulaqcıqların bir çoxundan musiqi səsi eşidilirdi. Vaqonda qəribə vəziyyət yaranmışdı: sanki hamı pıçıltı ilə mahnı oxuyurdu. Osmanlılar demiş, fısıltılar bir-birinə qarışmışdı. Hərənin üzündə də eşitdiyi musiqidən doğan bir ifadə...

Bu vəziyyətdə yaşlı qadının sualını niyə elə hündürdən səsləndirdiyini, həm də ona niyə heç kimin cavab vermədiyini anlamaq çətin deyildi. Bu üzdən də heç vaxt olmasam da, Avtovağzal stansiyasına “Memar Əcəmi”dən gedə biləcəyini qadına söylədim. O isə “bura elə “Əcəmi”dən gəlmişəm, ay qızım. Oradan Avtovağzala necə gedəcəyimi bilmirəm” dedi. Daha sonra “bunların mənlik halı yoxdur, gedim “Əcəmi”də soruşaram kimdənsə” əlavə etdi...

Qulaqcıqlı gənclərlə bundan əvvəl də ürəkaçmayan təmaslarım olub. Bakıdan kənarda yaşayıram, hər gün işə gedib-gələrkən iki dəfə hərəsində 50 dəqiqəlik avtobus yolçuluğum olur. Bu yolçuluqlar zamanı gənclərin qulaqcıq taxıb gözlərini yumaraq yuxuladıqlarının çox şahidi olmuşam. Bir dəfə isə oturacağımın yanında ayaq üstə durub qulaqcıqla musiqiyə qulaq asan gənclə balaca bir konfliktimiz də olub. Bilmirəm, qulaqcığı xarab idi, ya musiqini çox yüksəkdən dinləyirdi, amma başımın üstündə səslənən intensiv musiqi qulaqlarımı deşirdi. Həzin, lirik bir melodiya olsaydı, bəlkə də dözərdim. Amma çox gurultulu bir estrada musiqisiydi, özü də eyni musiqini təkrar-təkrar dinləyirdi. Axırda dözməyib musiqinin səsini azaltmağını istədim. Xahişimdən bərk narazı qalıb “mən qulaqcıqdan istifadə edirəm” desə də, səsi azaltdı və mənim oturacağımdan aralandı.

Bakının mərkəzi parklarına, küçələrinə çıxanda adama elə gəlir ki, bütün gənclər kiminsə səsini eşitməməyə çalışırlar. Hətta bir çox hallarda qoşa gedən gənclərin hər ikisinin qulağında qulaqcıq görmək olur: sanki məhz musiqi dinləmək üçün birgə gedirlər. Hələ qonaq getdiyi yerdə, yaxud evə qonaq gələrkən hamıdan ayrılıb telefonu bağrına basıb qulaqcığa sarılanları demirəm...

Səhv xatırlamıramsa, hətta bir müddət əvvəl qulaqcıqla musiqiyə qulaq asa-asa gedən bir xanım dəmiryol xəttindən keçərkən qatarın fitini eşitməyib, bərk xəsarət almışdı. 

Gənclərimiz bəlkə də bilmirlər, qulaqcıq musiqi dinlərkən kənardakıları narahat etməmək üçün icad olunub. Onu qulağına basıb musiqinin səsini üstünə gələn qatarın, maşının, səndən söz soruşan böyüyün-kiçiyin səsini eşitməyəcəyin həddə qaldırmaq üçün deyil bu icad. Ələlxüsus da qonaq gedilən yerlərdə, yaxud evə qonaq gələn zaman kənara çəkilib guşənişin olmaq istəyənləri düşünməyiblər kəşf sahibləri.

Əlbəttə, müasir gənclərin düşüncələri, davranışları, vərdişləri fərqli ola bilər. Amma bu fərq qeyri-mədəni davranışlara, ən əsası isə gənclərin həyat və sağlamlıqları üçün təhlükələrə gətirib çıxaracaq qədər böyük olmamalıdır. Bu gün mütəmadi olaraq ifrat yüksək səslə dəng olunan qulaq telləri sabah kar, beyin isə nevroz ola bilər. 

İnanmaq istəyirəm ki, bu qulaqcıq da digər xoşagəlməz vərdişlər kimi tezliklə dəbdən düşəcək, gənclərimiz normal davranışlara qayıdacaqlar. Mən o günü səbirsizliklə gözləyirəm...