General hakimiyyətə gəlir

general-hakimiyyete-gelir
Oxunma sayı: 4284

Rusiya siyasi ekspertlər qrupunun rəhbəri Konstantin Kalaçev Dağıstan rəhbəri postuna "Rosqvardiya"nın direktorunun birinci müavini, milli qvardiya qoşunlarının komandanı, general-polkovnik Sergey Melikovun əsas namizəd kimi göstərilməsini "Sobesednik"ə şərh edib.

“Qafqazinfo” Virtualaz.org-a istinadən bildirir ki,ekspertin fikrincə general Melikov bütün "filtrlərdən" keçmiş adamdır və lazım olan tələblərə tam cavab verir.

"İndi ən çox müzakirə olunan məsələ odur ki, Məlikov milliyətcə ləzgidir. Doğrudur, yarı ləzgidir, anası rusdur. Dağıstanda isə çoxdan belə praktika formalaşıb ki, hakimiyyət vəzifələrinə avarları təyin edirlər. Bundan əlavə avarlar və ləzgilər arasında qısqanclıq var. Lakin belə görünür ki, bu Orta Əsrlər ənənəsi ilə qurtarmağı qərara alıblar. Adamı işinə, şəxsi, professional keyfiyyətlərinə görə qiymətləndirmək lazımdır, milliyətinə görə yox. Bu təyinat yeni mərhələni simvolizə edir"-Kalaçev deyib.

Ekspertin fikrincə Kreml general Melikovu Dağıstanda qayda, intizam yaratmaq üçün göndərir. Kalaçevin general Melikovun namizədliyində milliyətcə ləzgi olan dağıstanlı oliqarx-milyarder Süleyman Kərimovun rolunun ola biləcəyini düşünmür. "Burada başqa amillər rol oynayıb-patriotik əhval, paqonlar və Rusiya prezidentinin etimadı. Bundan əlavə xüsusi xidmət orqanlarından çıxmış biri respublikanı arxaizmə çəkib aparmayacaq. Dağıstanda hazırda din böyük rol oynayır, lakin görünür respublikanın ikinci Çeçenistana çevrilməsinin qarşısını almaq qərarına gəliblər"-ekspet qeyd edib.

Qeyd edək ki, Azərbaycanın Dağıstanla ənənəi olaraq xüsusi münasibətləri mövcud olub və bu baxımdan Dağıstan rəhbəri postunu kimin tutması Bakı üçün də maraq kəsb edir. Ramazan Abdulatipov 2013-cü ildə mübahisəli "Milyarderlər ittifaqı"nın təsis edilməsində iştirak etsə də onun Azərbaycan rəhbərliyi ilə münasibətləri xüsusi və dost münasibətləri idi. Və Abdulatipov Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini həmişə qeyd edirdi. General Məlikov isə Bakıya tanış olmayan adamdır, güc strukturlarının, xüsusi xidmətlərin yetirməsidir. Bu baxımdan onun Azərbaycana yönəlik davranışlarının necə olacağını hələ izləyib görmək gərəkdir.