General yeni sistemdən danışdı

general-yeni-sistemden-danisdi
Oxunma sayı: 2113

Dövlət Gömrük Komitəsində iş adamları ilə “Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər” mövzusunda görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, gömrük-biznes əməkdaşlığı çərçivəsində təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, aidiyyəti qurumların əməkdaşları və “yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən sahibkarlar iştirak edib.

S. Mehdiyev bildirib ki, hazırda prezident İlham Əliyev tərəfindən daxili istehsalın, ölkənin ixrac və tranzit potensialının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində gömrük orqanları qarşısında gömrük-biznes münasibətlərinin beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməsi, şəffaflığın tam təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, bir sözlə, münbit ticarət mühitinin yaradılması məqsədilə mühüm vəzifələr qoyulub.

Yeniliklərdən birinin də “yaşıl dəhliz” buraxılış sisteminin olduğunu, artıq 60-a qədər biznes subyektinin “yaşıl dəhliz”dən istifadə etdiyini diqqətə çatdıran Komitə sədri sistemin faydaları barədə də məlumat verib.

Sistemin istər sahibkarlar, istərsə də gömrük orqanları üçün üstünlüklərilə yanaşı, məsuliyyətinin də böyük olduğunu vurğulayan Səfər Mehdiyev, tələb olunan prosedurların düzgün şəkildə yerinə yetirilməsi barədə fikir və tövsiyələrini də diqqətə çatdırıb.

Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb və problemlərin operativ qaydada həll edilməsi istiqamətində tapşırıqlar verilib.

Sonda “yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı videoçarx nümayiş olunub.