“Generalın bacısı oğluyam, prokuroram deyib pulu ödəmirlər” - “Altes Group”dan cavab

“Generalın bacısı oğluyam, prokuroram deyib pulu ödəmirlər”
Oxunma sayı: 10716

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Altes Group”un Şəhriyar küçəsi 21 ünvanında yerləşən binasının sakinləri sözügedən şirkətlə bağlı “Qafqazinfo”ya şikayət etmişdilər. Şikayətdə qeyd olunurdu ki, sakinlərin razılığı olmadan 17-ci mərtəbədə binanın damında tikinti işləri aparılıb. Bundan əlavə sakinlər illərdir "kupça" ala bilmədiklərindən şikayətlənirlər. Bu arada bildirək ki, sakinlərin "Qafqazinfo"ya şikayətini tanınmış aparıcı Azər Qərib çatdırıb.

Bu gün “Altes Group”un  təhlükəsizlik xidmətinin rəisi Zamiq İsmayılov "Qafqazinfo" ilə əlaqə saxlayaraq sakinlərin etirazına cavab verib. O, qeyd edib ki, bu gün narazı sakinlər ilə görüş keçirilib:

"Artıq bütün problemlər qaydasına qoyulub. Sakinlərin dediyi kimi, 17- ci mərtəbədə mənzil tikilmirdi. Həmin mərtəbəyə su bakları qoymaq üçün texniki otaqlar tikilir ki, sakinlərə verilən suyun təzyiqi artsın. İndi sənədlər hazır olandan sonra texniki otaqların davamı tikiləcək.

"Kupça" məsələsinə gəlincə isə, bilirsiniz ki, payçılar arasında şikayət var idi. Ancaq payçıların şikayətinin mənzilin sahiblərinə heç bir aidiyyatı yoxdur. Binada vəkillərin köməkliyi ilə 7 "kupça" da aldıq. Sakinlərə  bildirdik ki, sənədlər düzəlib və məhkəmə vasitəsilə "kupça"ları da alacağıq.

Bundan əlavə, həmin  binanın ayrıca yanğın çıxışı var. Bizim binanın üstünlüklərindən biri odur ki, 24 saat təhlükəsizlik xidməti ilə təchiz olunub. Liftlərimiz ən bahalı liftləridir. Hər ay liftlər üçün 500 manat pul xərcləyirik."

Şirkət rəsmisi həmçinin bildirib ki, onlar da binanın bəzi sakinlərində narazıdırlar:

"Əslində elə sakinlər var ki, bizim də onlardan şikayətimiz var. Onlar generalın bacısı oğlu, prokuror olduqlarını deyərək kommunal pulunu ödəmirlər. Qanun hamı üçün qanundur. Ancaq biz istəyirik ki, problemləri dostcasına həll edək”.

Günel Türksoy





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi