Generalın oğlu yenidən hakim qarşısında

generalin-oglu-yeniden-hakim-qarsisinda
Oxunma sayı: 2258

Bakı Apellyasiya Məhkəməsində general Novruzəli Orucovun oğlu, xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov və onun dostları Kənan Vəliyevlə Pərviz Abbasov barələsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə müstəntiq Məhəmməd Tağıyev ifadə verərək deyib ki, şahidlər dindirilərkən heç bir qanun pozuntusu olmayıb: "Onların dedikləri yazılıb və sonda özlərinə elan edilib".

Məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. 

Proses mayın 24-də davam etdiriləcək.  

Xatırladaq ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu təqib edərək sürücünü döyüb.   Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – K.Vəliyev və P.Abbasov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Hər üç şəxs apellyasiya şikayətində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Qeyd edək ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

Murad Əhməd