Gərək böyük adamın, çoxlu pulun olsun ki...

gerek-boyuk-adamin-coxlu-pulun-olsun-ki
Oxunma sayı: 2453

Xuraman Hüseynzadə

- Ana, mənə yoğurt al!

- Evdə var, qızım.
- Yox, al.
- ...
-Almasan, balaca qalacam, böyüməyəcəm.

Sonra dodaqlarını büzüb ağlayır. Bu balaca, toppuş qızın tez böyümək istədiyini anlayıram. Kaş böyüyüb elə gözəl həyat yaşasın ki, peşman olub bu günlərinə qayıtmaq istəməsin. Ona yoğurt ala bilməyən anası kimi... Çoxumuz kimi...

Uşaqlarda iştahsızlıq problemini aradan qaldırmaq üçün böyüklər şirin yalanlar uydurur adətən: yemək yesən tez böyüyəcəksən... Onlar da bu ilahi məqsədə nail olmaq üçün valideynlərinin sözünə əməl edirlər.
Mən də o yalanlara inanan uşaqlardan olmuşam. Hər dəfə yeməkdən sonra güzgünün qarşısında dayanıb boyumun nə qədər uzandığına baxmışam.

Yaşım artdıqca, boyum uzandıqca bu sualın alt qatını təftiş etməyə başlamışam: Hə, böyüyürəm, nolsun?
Orta məktəbdə zəhmət çək, oxu. Sonra universitetə qəbul ol, sevin. Əziyyət çək, universiteti bitir. İxtisasın üzrə işləmək üçün səndən rüşvət istəsin səndən böyüklər. Və beləcə, diplomun evinin, arzuların isə ürəyinin hansısa küncündə toz yığsın. Gərək daha böyük adamın, daha çox pulun olsun ki, balaca qalmağına peşman olmayasan.
Deyirlər, uşaqlar mələk kimidi. Günahsızdılar. Safdılar. Bəlkə elə bunun üçün uşaq olmaq istəyirik. Yaşımız artdıqca, boyumuz uzandıqca mələklikdən çıxmağımızın, günah işlətməyimizin, saflığımızdan əsər-əlamət qalmamasının səbəbkarları kimdi bəs? Balacalar bunları bilsə ata-analarının “yemək yesən tez böyüyəcəksən” nağılına inanarmı, görəsən?

Ekzüperinin “Balaca şahzadə”si uşaqların böyümək iddiasının üstündən xətt çəkir: “Siz onlara yeni bir dostunuz haqqında danışsanız, onlar əsas məsələlər barədə sizi sorğu-suala tutmayacaqlar. Onlar sizdən heç vaxt soruşmayacaqlar: "Dostunuzun səsinin ahəngi necədir? Hansı oyunları xoşlayır? Kəpənək kolleksiyası toplayırmı?" Onlar sizdən soruşurlar: "Neçə yaşı var? Neçə qardaşı var? Çəkisi nə qədərdir? Atası nə qədər qazanır?" Yalnız bu suallara cavab alandan sonra onu tanıdıqlarını deyəcəklər. Əgər böyüklərə desəniz: "Damında göyərçinlər, pəncərələrində ətirşah çiçəyi olan qırmızı kərpicdən tikilmiş qəşəng bir ev gördüm..." Onlar bu evi təsəvvürlərinə gətirə bilməyəcəklər. Onlara demək lazımdır: "Yüz min franklıq ev gördüm." Onda böyüklər yerbəyerdən uca səslə deyəcəklər: "Nə qiyamət evdir!"