“Girovların azad edilməsi ilə bağlı irəliləyiş yoxdur” - Vitse-spiker

girovlarin-azad-edilmesi-ile-bagli-irelileyis-yoxdur
Oxunma sayı: 819

“Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələdə yenilik yoxdur. Beynəlxalq tədbirlər çərçivəsində daim bu məsələ qaldırılır, Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin “qanunları” ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir. Təəssüflər olsun ki, bununla bağlı irəliləyiş yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüblər: “Onlar sessiyanın gündəliyindəı olan bütün məsələlərə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı fikirlərini səsləndirəcəklər. Təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır. Bununla belə hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz. Sona qədər bu məsələni diqqət mərkəzində saxlayacağıq və təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların öz doğma yurdlarına qayıdışının da təmin etməsində ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”.

B. Muradova həmçinin, İraqda olan azərbaycanlıların ölkəyə qaytarılması məsələsinə də toxunub. O bildirib ki, bu problem asan olmayan və ağrılı məsələdir: “Bununla bağlı müxtəlif məlumatlar gəlir. Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanların qəbulu zamanı konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir. Əlbəttə, bu məsələ o qədər asan və rahat iş deyil. Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz. Ölkəmiz özünün imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”.

Günel Türksoy