Gizli kefdən usanıblar

gizli-kefden-usaniblar
Oxunma sayı: 2442

Fərid Hüseyn

Cənubu Azərbaycanlılar və az sayda da olsa iranlılar Novruz olan kimi axışırlar Bakıya. Bəziləri düşünür ki, belədə ölkəyə pul gəlir, turizm inkişaf edir, məmləkət çiçəklənir, o taylı vətənsevərlər həsrətlərinə əlac qılırlar və s. Əslindəsə, biz onlara daha çox özlərində olmayan azadlığı təklif edirik...

Mən isə sizə İran həbsxanasında gördüklərimdən danışacam. Orda bir çoxları Şimali Azərbaycana içki içmək, bəzi hallarda qadınlarla əylənmək üçün can atırlar. Bu məsələlərdə Türkiyə onların səadətlərinin pik nöqtəsidir. Qadınlar örtüklərdən xilas olduqlarına, kişilər rahat pivə içə bildiklərinə görə olduqca şən-şən küçələrdə gəzirlər. Yolda da rastımıza çıxanda soruşduqları ünvanlardan da bəlli olur ki, onlar Bakıya muzeyləri gəzməyə, tarixi yerlərə getməyə yox, əyləncəli məkanlarda kef etməyə gəliblər. Bir dostumuz demiş, onlar Novruza ildə bir baş tutan karnaval kimi baxırlar – ümummilli stress atırlar...

Soruşa bilərsiniz ki, bəs oralarda guya içki yoxdur, qadın yoxdur? Var, özü də Bakıdakından da çox. Sadəcə onlar aşkar, gecə-gündüz içmək, kef etmək, bir neçə gün azad rahat yaşamaq istəyirlər... Gizli kefdən usanıblar...

Həbsxanada bir nəfər bizə dedi ki, Bakıda pivə içəndə elə bilirəm Şah dövrü təzədən gəlib. Təəccüblə əlavə edirdi ki, oturub pivə içirsən və yanından adamlar ötür, hətta polis keçir və səni həbs etmirlər. Biz təbii ki, bu azadlığı yaşadığımıza görə bizə gülməli gəlirdi, ancaq onlar bu əlçatmaz arzularını ağızları sulana-sulana danışırdılar.

Bir sual da oluna bilər ki, başqa ölkə yoxdur, onlar niyə məhz Azərbaycana gəlirlər? Burda dil və doğmalıq amili istənilən halda var, onlar üç gün Bakıda olanda 30 il bura haqqında orda danışırlar, çoxlu video kasetlər, disklər, suvenirlər alıb aparırlar. Həbsxanada Xatirə İslamın diskinə qulaq asanda bir ağızdan mahnılarını əzbər oxuyurdular. Baloğlan Əşrəfovun bütün kasetləri, bizim dinləmədiyimiz mahnıları belə dillər əzbəri idi.

İranda yaşayanlar xarici ölkəyə gedəndə özlərində olmayan azadlığın dadını çıxartmağa çalışırlar. Bunu Tiflisdə olanda da, Budapeştdə də çox görmüşəm… Əlbəttə ki, hamısı belə deyil, mədəni istirahəti əsas götürən, ancaq əylənmək üçün yox, maraqlı yerləri görmək üçün gələnlər, ürəyi Bütöv Azərbaycan üçün döyünənlər, vətənpərvərlər də var. Ancaq etiraf edək ki, onların sayı müqayisədə azdır.

Bundan əlavə, cənubdan gələnlərin sayı ilə turizmimizin inkişafını müəyyənləşdirməməliyik, çünki biz onlara yeni və maraqlı heç nə təklif etmirik. Bəzən onlar Bakının bahalı şəhər olmasından da şikayətlənirlər.

Mənfi çalarda dediklərimizin isbatını daha geniş planda son günlər sosial şəbəkələrdə yazılanlar da əhatəli ifadə etdi. Facebookda cənublulara rast gələnlərin əksəriyyətinin statusundan da bəlli idi ki, onları pivəxanalarda, restoranlarda görüblər, yaxud da hansısa masaj salonlarından sərxoş çıxanda, bəzənsə bu ünvanların yerlərini paytaxt sakinlərindən utana-utana soruşublar... Nə isə...

Bütöv Azərbaycanı - hamımızı ümumi dəyərlər və maraqlar birləşdirmək arzusu ilə...