Gizli oxunan məktublar

gizli-oxunan-mektublar
Oxunma sayı: 2165

Azər Qismət

Bizim telefon danışıqlarımız, mesajlarımız, uzaq-uzaq ellərə göndərdiyimiz bağlamalar qanunla mühafizə olunur. Kimsə bu qanunu pozarsa, həmin şəxs qanunvericiliyə əsasən mühakimə olunur, cinayət işi qaldırılır.

Amma hələ neçə yüz il bundan əvvəl məktublar gizli şəkildə oxunurmuş.

Məktubların gizli şəkildə oxunmasına Fransanın məşhur kardinalı Rişelyenin vaxtında başlanılıb. Düzdür, ona qədər də bu işlər görülüb, amma gizli məktub oxunuşunun dövlət səviyyəsinə qaldırılmasına kardinalın təşəbbüsündən sonra start verilib. Xalqın arasında, elə saray əyanları içində “qırmızı kardinal” ləqəbi ilə adlandırılan Rişelye 1628-ci ildə Parisin Poçt İdarəsində gizli otağın yaradılmasına dair göstəriş verib. Həmin otaqda lazımi məktubların oxunması üçün əməkdaşlar cəlb edilib. Və gecə-gündüz çalışan əməkdaşlara yüksək məvacib ödənilib. Aşkarlanan xüsusi məktublara görə isə xüsusi mükafat təyin olunub.

Rusiyada məktubların gizli oxunuşuna XVI əsrin sonlarında başlanılıb. Ülyahəzrət Yelizaveta Petrovna tərəfindən yaradılan bu işə xüsusi yanaşma tətbiq edilib. Əməkdaşlar toxunulmazlıq statusu qazanıb, hətta onların mənzil şəraiti də yaxşılaşdırılıb. Tarixçi Vladlen İzmoçikin sözlərinə görə bütün bunlar gizli şəkildə həyata keçirilib. İlk vaxtlar yalnız diplomatik yazışmalar oxunub. Sonralar vətəndaşların məktublarına da əl gəzdirilib. Tarixçi özünün “Qara kabinetlər” adlı əsərində qeyd edir ki, 1980-ci illərin sonuna qədər bu mövzu barədə danışmaq qadağan olunub. Həm də vətəndaşların əksəriyyətinin ağlına da gəlməyib ki, etibar etdiyi dövlət belə iş tutar.

Qeyd edim ki, XX əsrin əvvəllərində Rusiya imperiyasında 8 gizli kabinet fəaliyyət göstərib: Moskva, Varşava, Kazan, Kiyev, Odessa, Tiflis və Xarkovda. Gizli oxuma prosesi iki hissəyə bölünüb: 1. Əlifba sırası əsasında. 2. Təsadüfən. Təkcə 1917-ci ilə qədər siyahıda 1000 nəfərə yaxın şəxs olub ki, onların yazışmalarına xüsusi diqqət ayrılarmış. Həmin siyahıya inqilabi hərəkatın və partiyaların nümayəndələri, ictimai xadimlər, Dövlət Dumasının üzvləri, hərbçilər daxil imiş. Hətta iş o yerə gəlib çatıb ki, II Nokolayın əmisi də bundan şübhələnib. O, Lev Tolstoya yazıb ki, “məktubların gizli şəkildə oxunmasından şübhələnir”.

Rusiyada xüsusilə yazıçıların məktubları oxunarmış. Bununla da bilinərmiş ki, ziyalılar dövlətin idarə edilməsində nədən razı, nədən narazıdırlar. Xüsusilə, Turgenev, Saltıkov-Şedrin, Nekrasov, Gertsenin məktubları dəfələrlə nəzərdən keçirilib. Çünki yazıçılar öz narazılıqlarını ədəbi sözlərlə ifadə etdiklərindən, senzorlar bundan çaşarmış. Puşkinin də bütün məktubları gizlincə oxunub. Görkəmli şair gizli hərəkatın üzvü olandan sonra hər deyiminə, hər yazışmasına “diqqət göstərilib”. 1834-ci ildə Puşkin həyat yoldaşına imperatorla münasibətinin gərgin olmasından yazıb. Bildirib ki, onun imperatordan xoşu gəlmir. Həmin məktub I Nikolaya təqdim edilib. Şairin yazdıqları imperatoru necə hirsləndiribsə, bal zamanı Puşkinə öz iradını bildirib. Bundan sonra ərəb qanını daşıyan Puşkin çılğınlığını daha da artırıb, bütün məktublarında imperatoru qəsdən pisləyib, onun idarəetmədə buraxdığı səhvləri açıq-aşkar yazıb. Əlavə edib ki, polis öz işi ilə məşğul olmaq əvəzinə, burunlarını adamların şəxsi həyatlarına soxurlar.

Məktubların oxunmasında təsadüfi məktublar da diqqəti cəlb edib. Əməkdaşlar onları təsadüfən açıb oxuyublar. Amma bu təsadüflər imperiyada hazırlanan çevrilişlərin vaxtında aşkarlanmasına gətirib çıxarıb. Daha sonra Cenevrə, Paris və Praqa şəhərlərindəki mühacir ruslardan gələn məktublara da xüsusi diqqət ayrılıb. Burada əsas məqsəd mühacirlərin xaricdə necə yaşamasından, inqilabi çağırışlar edib etməmələrindən ibarət olub.

Adıçəkilən “Qara kabinet” Rusiya Poçt İdarəsində yerləşib. Bu işlə 40-45 nəfər məşğul olub. Həmin otağa daxil olmaq mümkün deyilmiş. Otaqlar polislər tərəfindən qorunurmuş. Kiçik senzor məktubları oxuyandan sonra özü lazımi qeydləri aparar, gecələr böyük senzora ötürərmiş. O da öz əlavələrini qeyd edib polisə göndərərmiş. Xüsusi əhəmiyyət kəsb edən məktublar isə birbaşa imperatora təqdim olunarmış. Sovet vaxtlarında böyük senzor bu işinə görə ayda 6 min manat alırmış. Bu da o dövrün pulu ilə bir “Jiquli”nin qiyməti demək idi.

Məktubların gizli oxunması işinə hər adam götürülməyib. Həmin adam dəfələrlə sınaqdan keçirilib. Üstəlik, onun məhkum, yaxud xaricdə yaşayan qohumunun olub-olmaması da yoxlanılıb. İkinci şərt bundan ibarət olub ki, əməkdaş ən azı iki dil bilməlidir. Məsələn, senzor Vladimir Krivoş 30 dildə danışırmış.

Bəs, məktubun gizli oxunuşu necə həyata keçirilib? Necə olub ki, sadə adamlar bundan şübhələnməyib?

O illərdə məktubun üzərinə xüsusi mum tökər, üstündən möhür vurularmış. “Qara kabinet”in üzvləri belə möhürləri asanlıqla qırarmışlar. Məsələ burasındadır ki, qara kabinetlərdə hər idarə və müəssisəyə uyğun möhürlər olub. Möhürlər asanlıqla sındırılar, içindən çıxarılan məktublar oxunduqdan sonra yeni zərfə qoyularmış. Üstünə mum tökülər, kabinetin möhürü ilə möhürlənərmiş. Onun üzərindəki xəttin oxşarını yazmaq isə xüsusi xəttatlara həvalə edilib. Xəttatlar vətəndaşın xəttini eyniliklə oxşadarmışlar.

Məlumdur ki, zərflər yapışqanla yapışdırılır. Həmin yapışqanın heç bir xətər toxunulmadan açılması üçün onları buğa veriblər. Bəzi hallarda isə zərfin uc tərəfində xırda dəlik açılar, məktub oradan maqqaşla çıxarılarmış. Həmin dəliyi bağlamaq elə də problem yaratmazmış.

Beləliklə, məktubların oxunması zərgər dəqiqliyi tələb edirmiş. Ona görə də əməkdaşlara icazə verilib ki, uzun dırnaq saxlasınlar. Bu, cibgirlərin uzunbarmaqlı olması qədər əhəmiyyət kəsb edərmiş. Yeri gəlmişkən, məktubların buğla açılması poliqlot Vladimir Krivoşın ideyası olub. Krivoş məktubu çaydanın buğuna tutub, sağ əlindəki nazik taxta ilə ehtiyatla zərfi açarmış.

20-ci əsrin əvvəllərində məktubları gizli şəkildə oxuyanların işində çətinliklər yaransa da, tezliklə bu problemlər aradan qalxıb. Ölkədəki xarici səfirliklərə ünvanlanan məktublar xüsusi şifrələrlə yazılırmış. Özü də zərflərə həyat üçün təhlükəli kimyəvi maddələr sürtülərmiş. “Qara kabinet”in üzvləri bunu bildiklərindən əllərinə əlcək taxarmışlar. Şifrələrin açılması isə polisdəki “Şifrə şöbəsi”nə tapşırılarmış.

Kabinetin üzvlərinin bir neçə uğurlu işləri də olub. Onlar törədilməsi planlaşdırılan sui-qəsdlərin qarşısını vaxtında alıblar. 1880-ci ildə avstro-macar xəfiyyələri kabinetçilərin hesabına aşkarlanıb. Yaxud, III Aleksandra qarşı 1887-ci ilin martın 1-nə planlaşdırılan sui-qəsdin də qarşısı əvvəldən alınıb. Sui-qəsdçilərdən biri Xarkovdakı dostuna yazıb ki, III Aleksandra “hədiyyə” etmək niyyətindədirlər. Təcili polisə məlumat verilib. Polis onların izinə düşüb. Martın 1-də onlar Neva prospektində yaxalanıblar. Bu məktubu vaxtında aşkarlayan senzora ömrünün son gününə qədər xüsusi təqaüd ayrılıb.

Məktubların gizli şəkildə oxunması həmişə pıçıltıya yol açıb. Bəzi adamlar bundan şühbələnsələr də, əllərində inandırcı faktlar olmayıb. Bu barədə ilk dəfə 1913-cü ildə Moskva qəzetlərindən birində söz açılıb. 2 polis məmuru həmin sirri açmışdı. Onlar bunu xaricə mühacirət edəndən sonra Rusiya qəzetlərinə ötürmüşdülər.

O ki qaldı indiki həyatımıza... İndi sadə vətəndaşlarımız məktub yazmırlar. Bütün bunlar elektron cihazları vasitəsilə həyata keçirilir. Belə yazışmaların aşkarlanması üçün isə kifayət qədər avadanlıq var. Nə buğa verilir, nə də maqqaşla çıxarılır. Sosial şəbəkələrə gəlincə...onu yaradan - gizli mesajlaşmaları da oxuya bilər. Bir sözlə, açar onlarda.