Gömrük polkovnikinin məhkəməsi başladı

gomruk-polkovnikinin-mehkemesi-basladi
Oxunma sayı: 2056

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində passiv rüşvətxorluqda təqsirləndirilən, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi olmuş, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, N.İmanovun himayəsində 2 azyaşlı övladı var. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses noyabrın 21-də davam etdiriləcək.

DGK-nın yaydığı ilkin məlumata görə, polkovnik N.İmanov pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alıb.

O, növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Murad Əhməd