“Gömrük sistemində nəzarət yox, xidmət mədəniyyəti formalaşdırılır” - Sədr müavini

gomruk-sisteminde-nezaret-yox-xidmet-medeniyyeti-formalasdirilir
Oxunma sayı: 2985

Dövlət Gömrük Komitəsinin rəhbər vəzifəli şəxsləri və xarici iqtisadi fəaliyyət iştirakçıları arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklər barədə biznes subyektləri məlumatlandırılıb.

Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, yaxın zamanlarda gömrük sistemində aparılan islahatlar başa çatdırılacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda isə bu islahatlar ayrı-ayrı gömrük orqanları üzrə yekunlaşdırılır:

“Sahibkarlarla yanaşı, gömrük əməkdaşları da öz fəaliyyətlərini qlobal çağırışlara uyğunlaşdırırlar. Artıq gömrük sistemində nəzarət yox, xidmət mədəniyyəti formalaşdırılır və biznesin inkişafına bu yöndə dəstək verilir. Bununla belə, gömrük orqanlarının biznes subyektlərindən əsas gözləntisi dəqiqlik və etibarlılıqdır.

Bu gün gömrük orqanlarının fəaliyyəti digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılıb və bu da bütün gömrük hüqupozmalarının qarşısının operativ şəkildə alınmasını təmin edir. Ticarətin inkişafı, gömrük prosedurlarının asan və sürətli həyata keçirilməsi mallar və nəqliyyat vasitələrinin gömrük orqanlarına əvvəlcədən bəyan edilməsindən çox asılıdır”.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Səməd Qaralov gömrük işinin təkmilləşdirilməsilə bağlı yeniliklər və güzəştlər barədə sahibkarları məlumatlandırıb və bildirib ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev isə gömrük sistemində aparılan islahatların gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaratdığını diqqətə çatdırıb.