Gömrükdə saxlanılan mallarda aksiz vergisi necə hesablanacaq?

gomrukde-saxlanilan-mallarda-aksiz-vergisi-nece-hesablanacaq
Oxunma sayı: 1999

Bu il yanvarın 23-dən spirtli içkilər və siqaretin aksiz vergisi artırılacaq. Lakin bu günə kimi gömrüyə daxil olan və anbarlarda saxlanılan mallar hələ də rəsmiləşməyib. Eyni zamanda, yanvarın 23-nə kimi də bu cür mallar daxil olmaqda davam edəcək. Bəs bu məhsullar yanvarın 23-dən sonra ölkəyə daxil olarsa, rüsum necə hesablanacaq?

“Qafqazinfo”nun bu barədə sorğusuna Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini Səfər Mehdiyev cavab verib.

O bildirib ki, yeni qəbul edilən qərar və qanunlar ağırlaşdırılırsa, geriyə tətbiq olunmur: “Bu məsələ sahibkarların xeyrinə həll ediləcək. Yanvarın 23-də də daxil olan mallar köhnə rüsumla hesablanacaq. Növbəti gündən sonra gətirilən məhsullar artırılmış rüsumla rəsmiləşdiriləcək”. 

Komitə sədri Aydın Əliyev isə bildirib ki, fiziki şəxslərin rüsum ödəmədən idxal etməsinə icazə verilən hədlə bağlı hökümətə müraciət edəcəklər: “Biz bir nəfərin ayda 1 dəfə 1 blok siqaret gətirməsinə icazə verilməsini istəyəcəyik. Qanunda siqaretin satılması 18 yaşdan aşağı şəxslərə qadağandır, amma xarici ölkədən gətirməyə belə bir qadağa yoxdur. İnsanlar da hərəsi azyaşlı uşağın əlinə bir blok siqaret verib keçirirlər. 18 yaşdan aşağı şəxslərin siqaret gətirməsinə  qadağa qoyulmasını istəyəcəyik.

Eyni zamanda viza rüsumu olmayan qonşu ölkələrə vətəndaşların gün ərzində bir neçə dəfə keçib qayıtması gömrük əməkdaşlarına problem yaradır. Türkiyə İraqla münasibətlərində belə bir qayda tətbiq edir ki, sərhədi keçdikdən sonra ən az 2 gün ölkədə qalmalıdır”. 

A.Əliyev ölkədə uçan aparataların, dronların gətirilməsi barədə suala da cavab verərək bildirib ki, qanunda dronların gətirilməsi üçün qadağa yoxdur: “Tam qadağan deyil, sadəcə icazə alınmalıdır. Mülki Aviasiya Administrasiyasına müraciət edilməlidir, onlar araşdırıb cavab verir. Şərtləri biz bilmirik, sadəcə gömrükdə həmin qurumun icazə sənədi təqdim edilməlidir. Hazırda ölkəyə dronlar gətirilir və istifadə olunur”.

Murad Əhməd